
Sizə bircə ağız Ucarın Bərgüşadından deyəcəyəm. Rayonun ən böyük kəndlərindəndir. Mənim də seçkidə ən çox səs yığdığım məntəqələrdən biri. 1027 səs hələ məntəqə sədrinin özünü “döyüb” etiraf elədiyi idi. Məzahir müəllim guya geçikdiyi üçün heç ciç də eləmədi yolladığım məlumatlara və şikayət məktubuna. Əslində üzülmürəm, yaxşı ki, baxıb üzümə durmadı.
Nəysə, qayıdaq Bərguşada. Bu kəndin başı ilə ayağı arasında 23 kilometr məsafə var. On mindən çox sakini. Əkinləri, mal-qaraları, özləri susuzluqdan yanırlar. Bir iki maşın gün ərzində su daşıyır kəndə, maşını 30 manata. Adamlar bilmir mal-qaraya, yoxsa özlərinə su alsınlar. Ayrıca hektarlarla əkilmiş sahə susuzluqda kömürə dönüb. Niyə? Kəndin ayağında icra başçısı Mənsur müəllimin hektarlarla sahəsinə su vurulur gücləndirici matorlarla.
Bu arada Məzahir və Mərdanla, Rəhman müəllimlərin məndən oğurladıqları səslərlə deputat qayırdıqları Jalə Əliyevaya da kənddə pataloji nifrət var. Belə ki, günlərin birində adam Bərgüşada gəlib, ayaqqabısı bulaşıb su istəyib yumağa. Adamlar içdikləri sudan gətiriblər ki, yusun. Baxıb deyib mən bu suyla ayaqqabımı yuya bilmərəm. Bu hadisəni kənd camaatı əzbər bilir. Ancaq onda anladım ki, kənddə mənə çay süzülən hər evdə müəllimə için, yaxşı sudandır demələrinin səbəbi nə imiş. Mən də eləmədim tənbəllik, durdum arxdan götürüb lili, qurdlu, özlərinin içdiyi sudan dəmlənən çaydan içdim.
Özümü tərifləmirəm, mənim də özümə görə qüsurlarım var. Amma bu insanlara sevgisizlik, yekəxanalıq, daqqalıq deyil. Unutmaq olmaz ay yazıqlar, içdiyi suyla ayaq yumaq istəmədiyiniz adamlardan səs, kömək, mərhəmət dilənirsiniz qazandıqlarınız əldə qalsın deyə. Heç olmasa dərdlərinə şərik olun. Insanı oynayın barı, bilirəm, gerçək insan olmaq böyük fədakarlıq, çoxlu qurban tələb edir.

