“Birləşmiş Ştatlar İranla nüvə sazişi üzrə birbaşa danışıqlara hazırdır”.
KONKRET.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Feyner deyib:
“Biz açıq şəkildə bildirdik ki, İranla birbaşa danışıqlara hazırıq. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz qarşılıqlı etimad prinsipi əsasında danışıqlara qayıtmağa hazırıq” – Fayner vurğulayıb.
O əlavə edib ki, Birləşmiş Ştatlarla İran arasında hələ də fikir ayrılığı var. Bu, xüsusən də Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) sadiqlikdə özünü göstərir.
Qeyd olunur ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli Körfəz ölkələrinə dörd günlük səfər edəcək. Bundan sonra Parisə yola düşəcək və burada Britaniya, Almaniya və digər ölkələrdən olan diplomatlarla Tehranın nüvə proqramını müzakirə edəcək.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ətrafında böhranı həll etmək üçün İranla imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə JCPOA-dan çıxmaq qərarına gəlib. Amerika administrasiyasının hazırkı rəhbəri Co Bayden dəfələrlə ABŞ-ı JCPOA-ya qaytarmağa hazır olduğunu bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
