80 yaşında Entoni Hopkins həyat yoldaşı Stellaya bir məktub yazdı. Həmin məktubda keçmiş ömrünə nəzər salır, birlikdə yaşadıqları günlərin onun üçün nə qədər dəyərli olduğunu etiraf edirdi.
Onlar 20 ilə yaxın idi ki, evli idilər. Stella Hopkinsdən xeyli gənc idi. Aralarındakı yaş fərqinə görə çoxları bu nikahın uzun sürəcəyinə inanmırdı. Amma zaman göstərdi ki, sevginin ölçüsü yaş deyil, insanların bir-birini nə qədər anlaya bilməsidir.
Hopkins məktubu Uelsdə çəkilişlər zamanı, səhər saat 5-də, otelin kağız vərəqinə yazmışdı. Məktubda belə deyirdi:
“Stella, yuxudan oyandım və düşündüm ki, bu dünyada 29 200 gün yaşamışam. Onların 7300 günü səninlə keçib. Və aydın xatırladığım yeganə günlər məhz həmin 7300 gündür”.
Hopkins Stella Arroyave ilə tanış olanda qadın məşhur deyildi. O, Los-Ancelesdə antikvar mağazası işlədirdi. Aktyor bir gün mağazaya stul almaq üçün daxil olmuşdu. Lakin Stella ilə söhbətə başlayanda, sanki nə deyəcəyini unutmuşdu.
Həmin vaxt Hopkinsin 63 yaşı vardı. O, iki dəfə ailə qurub boşanmış, mürəkkəb xarakteri və gərgin həyat tərzi ilə tanınmışdı. Stella isə 44 yaşında, subay, Kolumbiyadan olan və Hollivud dünyasına yad bir qadın idi.
Hopkins onu qəhvəyə dəvət etdi. Stella isə işinin çox olduğunu deyərək təklifi qəbul etmədi.
Amma aktyor təslim olmadı. Ertəsi gün yenidən mağazaya gəldi. Sonra bir də, bir də… Üç həftə ərzində hər gün səhər saat 10-da mağazaya baş çəkir, Stella ilə söhbət etmək üçün kiçik bir antikvar əşya alırdı.
Nəhayət, 22-ci gün Stella onunla şam yeməyinə getməyə razılaşdı.
Hopkins onu dəbdəbəli restorana aparmadı. Öz mənzilinə dəvət etdi və makaron bişirməyə başladı. Yemək isə yanıb korlandı. Buna baxmayaraq, Stella onu yedi və çox dadlı olduğunu söylədi.
Onların münasibətlərinin əsasını məhz belə sadə, səmimi anlar təşkil edirdi.
Sonrakı illərdə hər səhər saat 6-da birlikdə qəhvə içir, telefonları kənara qoyaraq uzun-uzadı söhbət edirdilər. Nə süni romantika, nə də əvvəlcədən hazırlanmış gözəl sözlər… Sadəcə iki insanın bir-birini dinləməsi və anlaması.
Hopkinsdən üçüncü nikahının niyə uğurlu alındığını, əvvəlki iki evliliyinin isə niyə baş tutmadığını soruşanda o, belə cavab vermişdi:
“Çünki nəhayət dinləməyi öyrəndim. Stella mənə öyrətdi ki, sevgi maraqlı görünmək deyil, qarşı tərəfə həqiqətən maraq göstərməkdir”.
2020-ci ildə, 82 yaşında Entoni Hopkins ikinci “Oskar” mükafatını qazandı. O, bu uğurunda həyat yoldaşının rolunu da xüsusi vurğuladı:
“Bu mükafatı Stella ilə bölüşürəm. O, qoca bir uelsliyə yenidən gənc olmağı öyrətdi”.
Bu hekayənin ən gözəl tərəfi isə sadə bir həqiqəti xatırlatmasıdır: sevginin yaş həddi yoxdur. Bəzən insan həyatının ən gözəl günləri məhz özünü artıq hər şeyi yaşayıb bitirmiş hesab etdiyi vaxt başlayır.
Əsl sevgi böyük vədlərdən, bahalı hədiyyələrdən, dəbdəbəli restoranlardan ibarət deyil. Bəzən onun ən böyük ifadəsi hər gün eyni yerə qayıtmaq, sevdiyin insanı dinləmək, onunla bir fincan qəhvə içmək və yanında olmaqdır.
Çünki sevgi yalnız sevilmək istəyi deyil, həm də qarşındakı insanı anlamaq bacarığıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
