“Düşmən axtarmağı dayandırın!” – Günəş yalnız bir xalq üçün doğmurbackend

"Düşmən axtarmağı dayandırın!" - Günəş yalnız bir xalq üçün doğmur

İnsanlar, bu düşmənçiliyi qəlbimizə kim salıb? (Xeyr, bunu kimin və hansı məqsədlə etdiyini çox yaxşı anlayıram.) Amma əsl sual başqadır: biz niyə özümüzü idarə etmələrinə, başqalarının iradəsinə tabe olmağımıza imkan veririk?

Niyə XXI əsrdə insan hələ də başqa bir insana milliyyətinə, dərisinin rənginə, danışdığı dilə və doğulduğu ölkəyə görə nifrət edir? Məgər hamımızın eyni planetin sakinləri olduğumuzu anlamırıq? Axı nəfəs aldığımız havanın milliyyəti varmı? Günəş yalnız müəyyən bir xalq üçün doğurmu?

Yer kürəmiz möcüzəli bir məkandır. O, bizə qida, su, hava, okeanların, meşələrin, dağların və sonsuz səmanın gözəlliyini bəxş edir. Bir sözlə, bizə həyat verir. Bəs biz bunun qarşılığında nə edirik? Öz əllərimizlə çayları və dənizləri çirkləndirir, torpağı zəhərləyir, meşələri qırır, təbiəti amansızcasına məhv edirik. Sonra da təmiz suyun, sağlam qidanın niyə getdikcə azaldığına təəccüblənirik.

Öz evimizi zəhərləyirik, amma elə davranırıq ki, sanki ehtiyatda başqa bir planetimiz var.

Lakin mənim suallarım əmrlər verənlərdən daha çox adi insanlara, hər birimizə ünvanlanıb. Sizə əmr etdilər – itaət etdiniz. Sizə nifrət aşıladılar – nifrət etdiniz. Qarşınıza düşmən obrazı qoydular – siz də qarşınızdakı insanın hər şeydən əvvəl insan olduğunu unutdunuz. Bəs öz vicdanınız haradadır? Düşünmək, təhlil etmək, yaxşını pisdən ayırmaq qabiliyyətinizə nə oldu?

Məgər bir dəfə olsun, “Xeyr! Mən nifrət etməyəcəyəm. Dağıntıların iştirakçısı olmayacağam. Özümü başqalarının iradəsini həyata keçirən bir alətə çevirməyə imkan verməyəcəyəm”, – demək bu qədər çətindir?

Bütün dünyanı günahlandırmazdan əvvəl özünüzə nəzər salın. Dəyişiklikdən öz düşüncələrinizdən, əməllərinizdən və niyyətlərinizdən başlayın. Görün, içimizdə nə qədər paxıllıq, kin, tamah, laqeydlik və başqasının hesabına yüksəlmək istəyi var. Dünyadan ədalət tələb edirik, bəs özümüz ədalətli olmağa nə dərəcədə hazırıq?

Bəziləri milyonlarını hara xərcləyəcəyini bilmir, növbəti lazımsız əşyaları almaqla məşğuldur. Başqaları isə övladlarının süfrəsinə nə qoyacağını düşünür. Aclıq çəkənlərə, evsizlərə, soyuqdan qorunmaq üçün sığınacaq tapa bilməyənlərə baxın. İmkanınız varsa, dəbdəbənizi deyil, yaxşılığı artırın. Evi olmayanlar üçün ev tikin. Yeni iş yerləri yaradın, insanlara öz zəhmətləri ilə dolanmaq imkanı verin. Arxanızda sərvət yığınları deyil, gələcək nəsillərin faydalana biləcəyi mənəvi və maddi dəyəri olan bir miras qoyun.

Axı bu dünyadan özümüzlə heç nə aparmayacağıq. Geridə yalnız əməllərimiz, etdiyimiz yaxşılıqlar və ya törətdiyimiz pisliklər qalacaq.

İnsanlar, ayılın! Biz bu planetin sahibi deyilik, onun bir parçasıyıq. Pul, hakimiyyət, şəxsi ambisiyalar və süni şəkildə yaradılmış ayrılıqlar naminə bir-birimizi, eləcə də bütün canlı aləmi məhv etməməliyik.

Hansı dildə danışmağınızın, hansı ölkədə doğulmağınızın, dərinizin rənginin heç bir fərqi yoxdur. Əsas olan daxilinizdə necə bir insanın yaşamasıdır.

Bir-birinizdə düşmən axtarmaqdan əl çəkin. Ətrafınıza baxın. Əsl sərvət nə milyonlar, nə də dəbdəbəli həyatdır. Əsl sərvət təmiz su, saf hava, sağlam uşaqlar, sülh dolu səma, yaşamaq və sabah yenidən oyanmaq imkanıdır.

Bizim cəmi bir ümumi evimiz var. Əgər onu öz əllərimizlə dağıtmağa davam etsək, sonda özümüzdən başqa heç kimi günahlandıra bilməyəcəyik.

Dəyişiklikdən özünüzdən başlayın. Xeyirxahlıqdan, vicdandan, hər bir canlıya hörmətdən başlayın.

Planet bizə yaşamaq üçün lazım olan hər şeyi bəxş edib. İndi isə növbə bizindir: bu həyata, bu dünyaya və bir-birimizə layiq olmağı öyrənməliyik.

Müəllif: Elizabet Çayka
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*