Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycan və Türkiyə üçün sürpriz hazırladıqlarını qeyd edib. Bu sürprizin nədən ibarət olduğu hər kəsdə müəyyən sualın yaranmasına səbəb olub.
Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib ki, Ermənistan terrorçu dövlətdir: “Ermənilərin azərbaycanlılara və türklərə qarşı əsirlər boyu terror aktları həyata keçirdikləri məlumdur. Əslində ermənilərin törətdiyi hadisələr bizim üçün sürpriz olmur. Sürpriz yalnız insanlıqdan kənar addımlar gözlənilmədiyi halda atılanda ola bilər.
Ermənistanın Gəncəyə, Bərdəyə, Mingəçevirə, Tərtərə və digər rayonlara olan terrorçu hücumları, mülki əhalinin məhv edilməsi istiqamətində yönəlmiş addımları, ballistik raketlərdən dinc sakinlərə qarşı istifadə edilməsi əslində normal müharibələrdə beynəlxalq hüquq normalarına uyğun olmayan sürpriz kimi qiymətlədirə bilərik. Ancaq hər hansı gözlənilməyən sürpriz olacağını düşünmürəm. Ermənilərin hər cür xainliyə, amansızlıqlara hazır olduğunu Xocalı qətliamı da daxil olmaqla Türkiyə səfirliklərinin əməkdaşlarının Avropa ölkələrində öldürülməsinə qədər vəhşiliklərin əsirlər boyu şahidi olmuşuq. Ona görə də hər hansı böyük sürprizin olacağına inanmıram.
Azərbaycan xalqı üçün vətən müharibəsidir. Bütün dünya azərbaycanlıları və Azərbaycana bu müharibədə dəstək olan bütün dövlətlərin xalqları erməni xislətinə bələd olaraq bu yola çıxıb. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan müharibədə Ermənistanın bizə qarşı ən ağlasığmaz, qeyri-insani hərəkətlərə yol verəcəyini əvvəlcədən bilən xalqımız və dövlətimiz heç nədən çəkinmir. Mən əminəm ki, döyüş bölgəsində əldə etdiyimiz uğurlar Ermənistanın birdəfəlik siyasi, hərbi, iqtisadi baxımından Azərbaycanla müharibə aparmaq gücünə malik olmayan əraziyə çevrilməsi ilə nəticələnəcək ki, bu da müharibənin ən böyük sürprizi olacaq”.
Nərgiz Mirzəyeva
KONKRET.az