Azərbaycanda avtoparkı yeniləmək üçün hansı işlər görülməlidir? – ÖZƏL AÇIQLAMAbackend

Azərbaycanda avtoparkı yeniləmək üçün hansı işlər görülməlidir? - ÖZƏL AÇIQLAMA

Müasir dövrdə hər kəs yeni avtomobil sahibi olmaq istəyir. Lakin yeni avtomobillərin gömrük rüsumu çox bahadır. Hibrid avtomobillərə tətbiq edilən güzəştlər bu sahədə dinamikanı artırsa da, son dövrdə onların da qiymətində artım müşahidə olunur. Belə ki, istehsal ili köhnə olan və xüsusən də, Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5 faizə yaxın qiymət artımı qeydə alınıb. Həmçinin, mühərrik gücü zəif olan avtombillərə daha çox üstünlük verildiyinə görə, mühərrik gücü 2,4 kubmetrədək olan və istehsal ili 2014 və 2020-ci illərarası avtomobillərə tələb yüksəlib. Həmin avtomobillərin qiymətində də 4 faiz artım qeydə alınıb. Bəs görəsən, ölkəmizin avtoparkını yeniləmək üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobil bazarında durğunluq müşahidə edilir:

“Həm hibrid, həm elektromobillərə tətbiq edilən güzəştlər bu ilin yanvar ayından qüvvəyə minib. İlkin mərhələ üçün bu addımı müsbət qiymətləndirirəm. Lakin bu güzəştlər son üç il ərzində istehsal edilən avtomobillərə tətbiq edilir. Fikrimcə, bu qərar son beş ildə istehsal edilən avtomobillərə də aid edilə bilərdi. Müddət də bir qədər çox olsaydı, daha effektiv nəticə əldə etmək olardı. Üç il sonra bu müddət uzadılarsa, daha yaxşı olar. İndi avtomobil bazarında durğunluq müşahidə edilir. Yeni avtomobillərin qiyməti çox bahadır. Yaponiya, Almaniya istehsalı olan hibrid avtomobillər də bahadır. Çin istehsalı olan hibrid avtomobillərə isə insanlar maraq göstərmir. Hibrid avtomobillər yeni texnologiya əsasında istehsal edildiyinə görə, bir qədər tərəddüdlə yanaşılır. Məsələn, “Toyota”, “Mercedes, “Porshe” kimi brendlərin hibrid avtomobillərini alarkən insanlar tərəddüd etmir. Lakin Çindən gələn yeni modelin hibrid versiyasına pul vermək riskli görünür”.

Ekspert əlavə edib ki, zamanla bu sahədə olan problemlər öz həllini tapacaq:

“Köhnə avtomobil parkını yeniləmək istəyiriksə, ümumi avtomobil idxalına yenidən baxmalıyıq. Avtomobil dilerləri rüsumların 2017-ci il səviyyəsinə qayıtması ilə bağlı təkliflər irəli sürür. Bu təklif üç il müddətinə tətbiq olunarsa, kifayət qədər irəliləyiş əldə olunar və bazarda köhnə avtomobillərin böyük qismi yenilənər. Əgər avtoparkın yenilənməsini qarşımıza məqsəd qoysaq, buna nail ola bilərik. Köhnə avtomobillərin utilizasiyası ilə bağlı dövlət proqramında bənd var. Lakin bu prosesin başlaması üçün bəzi şərtlər tələb olunur. Həmin avtomobillərin sahiblərinə müəyyən məbləğ vermək və ya sərfəli şərtlərlə avtomobil alması üçün şərait yaratmaq olar. Bu kimi təkliflər gözdən keçirilir. Lakin detallar hələ də açıqlanmayıb. Dövlət proqramının icrasından üç il keçsə də, utilizasiya prosesi hələ də reallaşmır. Pandemiya və müharibə də bəzi gecikmələrə səbəb oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nədənsə bu açıqlamanı gecikdirsə də, mütləq ortaq məxrəc tapılmalıdır. Artıq əhali də bundan bezib. Hər kəs nəyinsə müqabilində bu avtomobillərin onlardan alınacağına ümid edir. Ən təbii çıxış yolu isə qeyd etdiyim rüsum məsələsidir. Əgər bu qayda tətbiq olunarsa, avtopark təbii olaraq yenilənəcək. Hər kəs avtomobilini yeniləmək istəyir. Lakin 10 min dollara alınan avtomobilin gömrük rüsumları 12-15 min dollardır. Yəni rüsumlar maşının öz qiymətindən baha olur”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*