Azərbaycan bazarında balıq və balıq məhsullarının qiymətlərində mümkün dəyişikliklər İranla ticarət əlaqələrində yaranan problemlərlə birbaşa bağlıdır. Maraqlıdır, İranla ticarətdə yaranan problemlər balıq qiymətlərinə nə qədər vaxt ərzində təsir göstərə bilər?
Mövzunu KONKRET.az-a iqtisadçı ekspert Asif İbrahimov şərh edib:
“Azərbaycan İranla balıq məhsulları sahəsində həm idxal, həm də ixrac əlaqələrinə malikdir. İran Xəzər sahillərində balıqçılıq və balıqyetişdirmə sahəsində formalaşmış iri istehsal bazasına sahib ölkələrdən biridir. Eyni zamanda Türkiyə və Rusiyada da bu sahədə böyük müəssisələr fəaliyyət göstərir”.
Asif İbrahimov qeyd edib ki, İranın əsas üstünlükləri məhsulların daha ucuzluğu, logistika problemlərinin demək olar ki, mövcud olmaması, Xəzəryanı bölgələrdən birbaşa və qısa marşrutla daşınması, eləcə də sertifikatlaşdırma prosesində çətinliklərin azlığıdır:
“Digər ölkələrdən idxalda əlavə və fərdi sertifikat tələbləri yarandığı halda, İranla bu istiqamətdə ciddi problemimiz yoxdur. İrandan idxal olunan balıq məhsulları bazarda qiymət tarazlığının qorunmasına kömək edir. Azərbaycana İrandan əsasən sazan balığı, balıq filesi və İran kürüsü idxal olunur. Keyfiyyət baxımından Azərbaycan kürüsü ilə müqayisədə fərqlər olsa da, İran məhsulları bazarda geniş yer tutur”.
Asif İbrahimovun sözlərinə görə, balıq məhsullarının saxlanma müddətinin qısa olması səbəbindən ticarətdə yaranan problemlər qiymətlərə çox tez təsir edir:
“Balıq məhsullarında yeni partiya maksimum 14 gün ərzində bazara daxil olmalıdır. Satıcı məhsulu tez satmağa məcbur qalır. Bu da bəzi hallarda qiymətlərin enməsinə, idxalda problem yarananda isə sürətli bahalaşmaya səbəb olur. Bu məhsullar digər ərzaqlar kimi 3–6 ay saxlanıla bilmir”.
O, əlavə edib ki, hazırda mövsüm dövrü olduğu üçün İrandan idxal olunan balıq məhsullarının payı 30–40 faizdən də yüksəkdir. Yerli istehsal tələbatı tam ödəyə bilmədiyindən bazar əsasən idxaldan asılı vəziyyətdə qalır.
Ekspert vurğulayıb ki, İranla ticarətdə yaranan problemlər zamanı alternativ olaraq Rusiyadan idxal artırılır. Lakin bu məhsullar İran mənşəli balıq məhsullarından daha baha olduğuna görə bazarda qiymət artımı qaçılmaz olur:
“İrandan gələn məhsullar Rusiya istehsalı ilə müqayisədə daha ucuzdur. İranla ticarətdə hər hansı problem yaranarsa, həm idxal məhsulları, həm də yerli istehsal olunan balıqların qiymətlərində bahalaşma müşahidə edilir”.
Asif İbrahimovun fikrincə, bu vəziyyət xüsusilə restoranlar, ictimai iaşə obyektləri, hotellər və məişət istehlakçıları üçün əlavə xərc yükü yaradır.
Aynurə İsmayıl
KONKRET.az

