Üç il əvvəl Azərbaycan ordusu Qarabağı Ermənistan silahlı birləşmələrindən azad edəndən sonra düşünmək olardı ki, bölgə erməni terrorçularından bir dəfəlik təmizləndi və regiona sülh gələcək. Amma geridə qalan bu müddət ərzində Ermənistan qeyri-konstruktiv mövqe tutaraq öz silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarmadı və müharibə təhlükəsi yaratdı. Məsələ burasındadır ki, iki il ərzində Laçın yolundan istifadə edərək erməni silahlı birləşmələrinə silah-sursat göndərən Ermənistan bölgədə hərbi balansı pozmaqla məşğul olub. Üstəlik, üçtərəfli bəyanatın şərtləri pozularaq, Qarabağ ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri tərksilah edilmədi. İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, hələ də Qarabağdakı erməni silahlı birləşmələri silahı yerə qoymayıb, əksinə, öz mövqelərində xeyli möhkəmləniblər. Azərbaycan Ordusunun mövqelərini daim atəş altında saxlayan erməni terrorçuların hər dəfə də cavabı layiqincə verilib.
Bu dəfə erməni silahlı birləşmələrinin sonuncu üzvü məhv edilənə qədər Azərbaycan Ordusu mübarizəni davam etdirəcək.Bu gün başlayan antiterror əməliyyatı ilə bu prosesə start verilib və Qarabağ ərazisindəki erməni silahlı birləşmələrinin mövqeləri dəqiq atəşlə məhv edilir. Ermənilər isə həmişə olduğu kimi, haray-həşir salmağa başlayıblar. İrəvan küçələrinə toplaşan ermənilər Qarabağdakı soydaşlarına dəstək nümayiş etdirirlər. Əslində bundan başqasına gücləri də çatmaz. Özləri də bilirlər ki, zaman həmin zaman deyil və onlar Qarabağ ərazisinə keçməyi yalnız arzu edə bilərlər. Azərbaycan suveren ərazilərinin sahibidir və öz sərhədləri daxilində qanunsuz silahlı birləşmələrin mövcudluğuna göz yuman deyil. Deməli, Azərbaycanın başladığı iş haqq işidir və haqq-ədalət də Azərbaycanın tərəfindədir. İndi İrəvan küçələrində haray-həşir salan bir qrup erməni də bunu yaxşı dərk edir. Azərbaycan Ordusu isə Müzəffər Ali Baş Komandanın tapşırığını layiqincə yerinə yetirir. İrəvandan fərqli olaraq Bakı küçələrində sakitlikdir və həyat öz axarı ilə davam edir. İnsanlar erməni silahlı birləşmələrinin məhv olunması xəbərini səbirsizliklə gözləyirlər.
Vəli Həsənov,
KONKRET.az