“Fəlsəfədə həqiqətdən başqa hökmdar ola bilməz… Biz Keplerə, Qalileyə, Dekarta qızıldan abidələr ucaltmalı və hər birinin üzərinə bu sözləri yazmalıyıq: “Platon dostdur, Aristotel dostdur, amma əsas dost həqiqətdir”.
İsaak Nyuton
1962-ci il noyabrın 6-da, Nikita Xruşşovun Stalinin şəxsiyyətə pərəstişini ifşa edən məşhur çıxışından sonra Praqada İosif Stalinin nəhəng heykəlinin sökülməsinə başlanıldı.
Çexoslovakiya kommunistləri Moskvadan gələn yeni siyasi kursa necə reaksiya verəcəklərini uzun müddət götür-qoy etdilər. Nəhayət, qərar qəbul edildi. Lakin söhbət adi bir abidədən getmirdi. Əsrlərə hesablanaraq inşa edilmiş heykəlin sökülməsi də asan başa gəlmədi: onu dağıtmaq üçün üç dəfə partlayış törətmək lazım gəldi.
Nəticədə abidədən yalnız yeraltı tikililər qaldı. Bu məkan 1989-cu ilə qədər anbar kimi istifadə edildi. Məxməri inqilabdan sonra burada rok-klub fəaliyyətə başladı, 1990-cı ilin oktyabrında isə Praqanın ilk özəl radiostansiyalarından biri olan “Radio Stalin” məhz buradan yayıma başladı.
Bənzər mənzərəyə müəyyən dövrlərdə ABŞ-da da rast gəlinib. Tarixi şəxsiyyətlərin heykəllərinin sökülməsi, onların irsinin yenidən qiymətləndirilməsi cəmiyyətdə ciddi mübahisələrə səbəb olub.
Belə hadisələrdən biri Şarlottsvil şəhərində yaşanıb. General Robert Linin abidəsinin sökülməsi məsələsi gündəmə gələndə Allen Armentraut adlı gənc Konfederasiya generalının xatirəsini müdafiə etmək qərarına gəlib. Həm də bunu silahla edib.
Amerika mediasının “konfederatkalı oğlan” adlandırdığı Armentraut həmin gün cənublu hərbi forma geyinmiş, Konfederasiya bayrağını götürərək heç bir söz demədən generalın abidəsinin yanında dayanmışdı. Ətrafdakıların bir qismi onun bu təkbaşına etirazına qəzəblə reaksiya verdi. Az sonra polis gənci bölməyə apardı.
Ondan bu addımı nə üçün atdığını soruşanda cavabı sadə olub:
“Konfederasiya da Amerika tarixinin bir hissəsidir və onun xatirəsini kiminsə arzusu ilə silmək olmaz”.
General Robert Edvard Li Amerika tarixinin ən mübahisəli və eyni zamanda tanınmış hərbi simalarından biridir. O, ABŞ Vətəndaş müharibəsi zamanı Konfederasiya ordusuna rəhbərlik edib. Sonrakı dövrdə isə “Məğlub olmuş işin xatirəsi” (Lost Cause) ideologiyasının əsas rəmzlərindən birinə çevrilib.
Bu ideoloji yanaşmanın tərəfdarları Vətəndaş müharibəsinin tarixini yalnız köləlik məsələsi üzərindən qiymətləndirməyə qarşı çıxır, Konfederasiya tərəfinin hərbi ənənələrini, dövrün sosial həyat tərzini və əsgərlərin şəxsi şücaətini ön plana çəkirlər. Tənqidçilər isə bu yanaşmanın köləlik institutunun və Konfederasiyanın onun qorunmasındakı rolunun arxa plana keçirilməsinə xidmət etdiyini bildirirlər.
Beləliklə, söhbət təkcə bir heykəlin taleyindən getmir. Məsələ tarixi yaddaşın kim tərəfindən və hansı meyarlarla formalaşdırılması, keçmişin hansı hissələrinin qorunub saxlanılması ilə bağlıdır.
Bizdə isə belə bir “konfederatkalı oğlan” peyda olsaydı, yəqin ki, əvvəlcə adını “Mirotvorets” siyahısında görər, sonra da həbs olunardı. Hər ehtimala qarşı!
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
