Kassaya çatana qədər cibimizə girirlər:  Marketlərdəki tələbackend

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

“Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətli dərəcədə artırır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında marketoloq Saday Əliverdiyev bildirib.

Ekspertin sözlərinə görə, girişə yaxın olan işlək və hərəkətli hissələr müştəri axınının idarə olunmasında əsas rol oynayır:

“Alıcının rahat hərəkət etdiyi və məhsulları dərhal görərək sürətli alış-verişə başladığı zonalar mövcuddur. Həmçinin günlük tələbat məhsullarının yanındakı hissələrdə diqqət çəkmək istədiyimiz xüsusi məhsullar yerləşdirilir ki, alıcı vaxt ayırdığı zaman onları da nəzərdən keçirsin.

İnsanların növbə gözlədiyi, ödəniş etdiyi kassa önü isə ən mühüm strateji nöqtədir. Satışın ən sürətli baş verdiyi və artırılması hədəflənən məhsullar məhz burada nümayiş olunur”.

Ekspert qeyd edib ki, mağazaların ölçüsündən asılı olaraq həyata keçirilən kassa önü kampaniyaları olduqca uğurlu nəticələr verir:

“Buradakı məhsullar yüksək və ya aşağı marjalarına görə deyil, tamamilə impulsiv tələbat prinsipi ilə seçilir. Məqsədimiz satışını sürətləndirmək istədiyimiz məhsul çoxluqlarını və yeni gəlmiş malları tanıtmaq, kassir əməkdaşların fərdi təklifləri (Bu məhsulumuz endirimdədir, yenidir, istəyərsinizmi?) vasitəsilə müştərini həvəsləndirməkdir. Eyni zamanda, “iksiini alana bir hədiyyə” kimi kampaniyalar və ya məbləği müəyyən həddə (məsələn, 20 manata) tamamlayanlara əlavə hədiyyələr təqdim edirik.

Pərakəndə mağazaların əsas hədəfi kassaya 25 manatlıq səbətlə yaxınlaşan müştərini əlavə məhsullara təşviq edərək bu məbləği 30-35 manata çatdırmaqdır. Kassa önü bu taktikanın ən vacib alətidir. Ayın sonu hesabatlarında hər hansı məhsulun gözlənilən satışı verməməsi, əslində, həmin məhsulun özündə bir problemin olduğundan xəbər verir”.

Saday Əliverdiyev vurğulayıb ki, bu cür marketinq taktikalarından tamamilə imtina etmək nə mümkün, nə də zəruridir:

“Ümumiyyətlə, bu cür marketinq taktikalarından tamamilə imtina etmək mümkün deyil və buna ehtiyac da yoxdur. Çünki bu, həm biznesin inkişafı, həm də müştərinin rahatlığı üçün faydalı mexanizmdir. Kassa önündə adətən saqqız, kibrit, şokolad kimi sürətli istifadə olunan günlük tələbat malları və xüsusi seçilmiş məhsullar yer alır. Müştəri onsuz da ehtiyacı olmayan və ya istəmədiyi bir şeyi məcburiyyətdən almır. Əgər həmin anda məhsula qarşı ehtiyac yaradıla bilirsə, demək ki, bu, həm alıcı üçün faydalı, həm də marketinq baxımından uğurlu bir yanaşmadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*