Bakı-Ankara münasibətləri Astananı da narahat edirbackend

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel noyabrın 5-də bir qrup ekspertlə görüşərək, müxtəlif mövzularda fikir mübadiləsi apardı. Ötən ilin sonunda da səfirlikdə oxşar görüş olmuşdu. Görüşdə ticarət əlaqələrindən tutmuş, təhsil və enerji əməkdaşlığına qədər müxtəlif mövzular müzakirə olundu.

KONKRET.az xəbər verir ki, bu barədə görüşdə iştirak edən politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, səfir iki ölkə arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıb:

“Növbədə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və Avropaya ötürülməsi gəlir. Buna baxmayaraq, görüşdə iki tərəfdaş ölkə arasında ticarət əlaqələrinin istənilən səviyyədə olmadığı vurğulandı. Ekspertləri ən çox maraqlandıran suallardan biri Qazaxıstan Prezidenti Qasım-Jomartin Tokayevin Türk Dövlətləri Təşkilatına (TDT) Rusiyanın daxil edilməsini səsləndirməsiylə əlaqəli idi. Alim Bayel ötən dəfəki görüşdə söylədiyi kimi, tələbəlikdən ən böyük arzusunun türk dövlətlərinin bir təşkilatda birləşməsi olduğunu xatırladaraq, ölkəsinin mövcud reallıqlarını da diqqətə alınması zərurətini bildirdi. Qazaxıstanın Rusiya ilə minlərlə kilometr sərhədi olduğunu deyən səfir ölkəsinin balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini söylədi. Cənab səfir mövzunun davamında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlunun mövqeyini xatırlatdı. Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını əsaslandırmışdı.

Səfir Qazaxıstanın Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatında iştirakında dəstəyini xatırladaraq bunları dedi: “Mərkəzi Asiya ölkələrindən ilk olaraq Qazaxıstan Prezidenti 2025-ci ildə Azərbaycanın da Vaşinqtonda ABŞ-Mərkəzi Asiya sammitində iştirakını təklif etmişdi. Ancaq bütün məsələlər yalnız Qazaxıstandan asılı deyil”. Səfirə ötən ilin dekabrında Tokioda və bu ilin sentyabrında Seulda Mərkəzi Asiya sammitlərində Azərbaycanın təmsil olunmadığını xatırlatdıqda, Alim Bayel yenə eyni fikir təkrarladı: “C5+1 formatında başqa dövlətlər də var”. Səfirin nə demək istədiyi anlaşılan idi.

Bu görüşdən gəldiyim digər qənaət bundan ibarət oldu ki, Türkiyə-Azərbaycan münasibətlərindəki son durum Qazaxıstanı da ciddi şəkildə narahat edir və Astana böhranın qısa müddətdə aradan qaldırılmasında maraqlıdır. Əks halda Türkiyə-Azərbaycan münasibətlərindəki böhrandan öz məqsədləri üçün istifadə etmək istəyən ölkələr faydalanacaqlar”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü ilə bağlı tədbirlərə qatılmaq üçün Azərbaycana səfər edəcəyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*