Sinqapur, Almaniya, Estoniya, İsrail: uğur təsadüf deyil, seçim və iradə məsələsidirbackend

Sinqapur, Almaniya, Estoniya, İsrail: uğur təsadüf deyil, seçim və iradə məsələsidir

Sinqapur korrupsiya ilə mübarizədə lotereyada udmadı.

1965-ci il avqustun 9-da Sinqapur Malayziya Federasiyasından ayrılaraq müstəqil dövlətə çevrildi. Ölkə ağır iqtisadi və sosial problemlərlə üz-üzə idi. Qarşısında iki yol vardı: dünya xəritəsində növbəti kasıb dövlətə çevrilmək, yaxud köklü dəyişikliklərə başlamaq. Sinqapurlular ikinci yolu seçdilər.

Sizcə, bu, asan başa gəldi? Əlbəttə, yox! Korrupsiyaya qarşı sərt mübarizə aparıldı, rüşvətxorluqda ittiham olunan məmurlar məsuliyyətə cəlb edildi. Əsas məsələ təkcə qanunların qəbul edilməsi deyildi, onların hamıya eyni şəkildə tətbiq olunması idi. Cəzasızlıq mühiti aradan qaldırıldıqca rüşvətin cəlbediciliyi də azaldı. Beləliklə, Sinqapur sərt, lakin nəticə verən antikorrupsiya siyasəti ilə tanınan ölkəyə çevrildi. Dövlət öz inkişaf yolunu seçdi və bu istiqamətdə ardıcıl addımlar atdı.

Almanlara da Yeni il ərəfəsində kimsə nizam-intizam hədiyyə etmədi. Onlar belə bir cəmiyyət qurmaq istədilər, bunun üçün çalışdılar və qanunlara əməl etməyənlərin məsuliyyət daşımasını təmin etdilər. Kimsə küçəyə siqaret kötüyü atırdısa, ətrafdakılar buna laqeyd qalmır, qaydalara hörmət etməyin vacibliyini xatırladırdılar. Çünki almanların məşhur ifadəsi var: “Ordnung muss sein” — “Nizam-intizam olmalıdır”. Məsələ, əslində, bu qədər sadədir: cəmiyyətin qaydalara münasibəti dəyişmədən ölkədə nizam yaratmaq mümkün deyil.

Estoniya da elektron idarəetmə sahəsindəki uğurlarını təsadüfən əldə etməyib. Onlar vətəndaşların evdən çıxmadan səs verə bildiyi, elektron xidmətlər vasitəsilə qısa müddətdə şirkət qeydiyyatdan keçirə bildiyi müasir dövlət qurmaq istədilər. Bunun üçün dövlət xidmətlərini mərhələli şəkildə elektronlaşdırdılar, bürokratik prosedurları sadələşdirdilər və idarəetmə sistemini köklü şəkildə dəyişdilər. Bu, asan yol deyildi. Lakin Estoniya qarşısına qoyduğu məqsədə doğru ardıcıl irəlilədi. Bu gün həmin islahatların nəticələrini bütün dünya görür.

İsrailin də təbii sərvətlər, iqlim və mürəkkəb geosiyasi şərait baxımından əlverişli başlanğıcı olmayıb. Buna baxmayaraq, ölkə öz inkişaf strategiyasını müəyyənləşdirdi. Müharibələr və təhlükəsizlik təhdidləri fonunda belə iqtisadiyyatın inkişafı, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və texnoloji potensialın gücləndirilməsi istiqamətində çalışdı.

İsrail cəmiyyətində ölkənin taleyinə münasibətin əsasını mühüm bir düşüncə təşkil edir: bu dövlət bizimdir və onun gələcəyi bizim məsuliyyətimizdir. İnsanlar yalnız vətənpərvərlik şüarları səsləndirməklə kifayətlənməməli, ölkənin inkişafı üçün çalışmalıdırlar. Dövlət idarəçiliyində hesabatlılıq və korrupsiyaya qarşı mübarizə də bu yanaşmanın mühüm elementlərindəndir. Nəticədə İsrail regionda və beynəlxalq miqyasda ciddi siyasi, iqtisadi və texnoloji gücə çevrilib.

Bütün bu nümunələrin ortaq cəhəti var: məqsəd, siyasi iradə və ardıcıl fəaliyyət. Heç bir ölkə uğurunu yalnız bəxtin, coğrafiyanın və ya kənardan göstərilən yardımın hesabına qazanmayıb. Hər birinin arxasında çətin qərarlar, islahatlar və cəmiyyətin müəyyən etdiyi inkişaf istiqaməti dayanır.

Bütün bunlar, ilk növbədə, insanların seçimidir. Necə yaşamağımız, hansı cəmiyyətdə yaşamaq istəməyimiz bizim davranışlarımızdan və kollektiv mövqeyimizdən asılıdır. Daha doğrusu, cəmiyyətin əksəriyyətinin seçimindən.

Fərqli yaşamaq istəsəydik, bunun üçün mübarizə aparardıq. İnanmırsınızsa, Sinqapura, Almaniyaya, Estoniyaya və İsrailə baxın. Sonra da onların uğurunu sadəcə bəxtlə və ya hansısa möcüzə ilə izah etməyə çalışın.

Özünü doğrultmaq asandır. Dəyişmək, köhnə vərdişlərdən imtina etmək və ətrafındakı dünyanı dəyişməyə çalışmaq isə daha çətindir. Ancaq həmin ölkələrin təcrübəsi göstərir ki, çətinliklərə baxmayaraq, dəyişiklik mümkündür.

Onlar bacarıblarsa, başqaları da bacara bilər. Bunun üçün ilk növbədə insanlar qanunun hamı üçün işlədiyi, korrupsiyanın cəzasız qalmadığı və dövlətin vətəndaşa xidmət etdiyi ölkədə yaşamaq istəməlidirlər.

Müəllif: Leonid Baxtin
Tərcümə etdi: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*