Azərbaycanda zaman-zaman ayrı-ayrı məmurların şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı kobud davranışlarının, haqsız münasibətlərinin şahidi olmuşuq. Düşünürdük ki, Vətən müharibəsindəki böyük qələbədən sonra bir çox məmurların belə davranışı az da olsa dəyişəcək. Amma…
KONKRET.az xəbər verir ki, Masallı rayonundan olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, kobud reaksiya ilə üzləşib.Bələdiyyə sədri şəhid atasına yardım etmək əvəzinə, onu təhqir etməkdən belə çəkinməyib: “Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.
Sonra isə bələdiyyə sədri “mənim oğlum sənin oğlundan da betər yerdədir. Korona xəstəxanasında işləyir bütün günü”, – deyib.
Təbii ki, belə bir münasibət hazırda Azərbaycanda şəhid ailələrinə qarşı olan ümumi münasibəti əks etdirmir. Amma təəssüflər olsun ki, uzun illər eyni vəzifəni tutan məmurlar özlərini Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “xan kimi” aparırlar. Hətta belə həssas bir dönəmdə də onlar az da olsa insanlıq nümayiş etdirmir.
Yenə də ümid edirik ki, Masallı Rayon İcra Hakimiyyəti, aidiyyəti dövlət qurumları tezliklə şəhid atasının problemi ilə yaxından maraqlanacaq, ona qarşı kobudluq edən bələdiyyə sədri lazımi cəzasını alacaq.(yenisabah.az)
