Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Almaniyanın sürətlə silahlanması, hərbi büdcəsini artırması və Kiyevə genişmiqyaslı dəstək verməsi Avropada yeni təhlükəsizlik reallığı formalaşdırıb. Xüsusilə, Berlinin son illərdə müdafiə siyasətində etdiyi radikal dəyişikliklər “Almaniya yaxın gələcəkdə Rusiya ilə birbaşa qarşıdurmaya daxil ola bilərmi?” sualını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi təcavüz Avropanın ümumi təhlükəsizlik sisteminə ciddi təhdid yaradır:

Məhəmməd Əsədullazadə
“Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi təcavüz Avropanın təhlükəsizliyini təhdid edir. Bu müstəvidə təbii ki, Almaniya üçün də təhlükəsizlik riski formalaşıb. Ukraynaya ən böyük hərbi yardımları göstərən ölkələrdən biri də Almaniyadır. 2022-ci ildən başlayan müharibə Berlin üçün ciddi təhlükəsizlik çağırışları yaradıb. Bu gün Rusiya Pribaltika ölkələrini, Polşanı, Moldovanı təhdid edirsə, Almaniya da bundan narahatlıq keçirir”.
Politoloqun sözlərinə görə, Almaniyanın hərbi potensialını yenidən gücləndirməsi məhz artan təhlükəsizlik riskləri ilə bağlıdır:
“Hesab edirəm ki, Almaniyanın öz hərbi qüdrətini yenidən bərpa etməsi birbaşa Rusiya təhlükəsi ilə əlaqədardır. Amma düşünmürəm ki, yaxın perspektivdə Rusiya ilə Almaniya arasında birbaşa müharibə baş versin. Almaniyanın hərbiləşdirilməsi Rusiyanın işğalçılıq siyasətindən irəli gəlir. Rusiya da bu prosesləri izləyir. Almaniya hərbi baxımdan daha da inkişaf edir və artıq Şərqi Avropanın təhlükəsizlik təminatçılarından birinə çevrilir”.
Ekspert hesab edir ki, hazırkı mərhələdə Almaniyanın əsas məqsədi birbaşa müharibəyə qoşulmaq deyil, NATO çərçivəsində Avropanın müdafiə imkanlarını gücləndirmək və Rusiyanın mümkün təhdidlərinə qarşı çəkindirici güc formalaşdırmaqdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
