Bir ovuc qar Bakını niyə iflic edir? – Sabiq deputatbackend

Bir ovuc qar Bakını niyə iflic edir? - Sabiq deputat

“Yerli icra hakimiyyəti strukturları ləğv olunmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli Bakı İcra Hakimiyyətinə məxsus 50-dən çox qar təmizləmə texnikanın olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, yerli bələdiyyələr bu vəzifəni öz üzərinə götürməlidirlər:
“Mən 8-ci km. qəsəbəsində yaşayıram. Fevralın 24-də Qara Qarayev prospekti boyunca və digər küçələrdə, eləcə də “Neftçilər” dairəsində nə bir qar təmizləyən texnika görmüşəm, nə də onların hansısa əməkdaşlarını. Müəyyən bir müddətdən sonra Qara Qarayev prospektində qarın üstündə duz-qum qarışığı kimi nəsə səpmişdilər. Amma yol palçıq idi, onun da keyfiyyəti ortada idi. Əslində proses belə olmalıdır. Birinci qar kombayn tipli texnikalarla təmizlənilir, başqa bir maşına yüklənilir və oradan çıxarılıb şəhərdə kənar yerə tökülür. Hesab edirəm ki, bu məsələni yerli icra hakimiyyətləri deyil, yerli bələdiyyələr öz üzərinə götürməlidirlər. Türkiyədə, İstanbulda və Qərb ölkələrindəki kimi bələdiyələr də xalq tərəfindən seçilməli və sakinlər qarşısında cavabdehlik daşımalıdır. Onların yaşayışını yaxşılaşdırmaq üçün müxtəlif addımlar atırlar, gecəni-gündüzə qatıb işləyirlər”.
Nazim Bəydəmirli Azərbaycanda da belə idarəetmələrin olmasını arzu etdiyini qeyd edib:
“Azərbaycan Avropa Şurasına daxil olan yeganə ölkədir ki, baş-ayaq qalıb, bir yerli və böyük şəhər bələdiyyəsini seçə bilmirik. Onlar yenə də təyin olunur. Təyin olunduqları səbəbindən də seçicilər qarşısında hesabatlı deyilər. Və belə də açıqlama verirlər, yalan danışdıqlarını bilirlər. Onu da bilirlər ki, buna görə onlara heç nə deyən olmayacaq”.
Qeyd edək ki, Bakı İcra Hakimiyyətinə məxsus 50-dən çox qar təmizləmə texnikasının olduğu bildirilir. Bundan əlavə sürüşkən yollara səpilməsi üçün əlavə olaraq 5 min tondan çox texniki duz alındığı da qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*