Qazaxıstanın keçmiş Prezidenti və Elbası Nursultan Nazarbayevin kiçik qardaşı Bolat da Qırğızıstana keçib, oradan Birləşmiş Ərəb Əmirliklərinə uçub.
KONKRET.az -ın məlumatına görə, bu haqda “Azadlıq” radiosunun qırğız xidməti bildirib.
Bolat Nazarbayevin Dubaya getdiyi haqda informasiyalar daha əvvəl də dolaşırdı, amma jurnalistlər onun beş-altı nəfərin müşaiyəti ilə sərhədi keçdiyinin şahidi olan adamlarla söhbətləşə biliblər.
Xatırladaq ki, “Moskovskiy komsomolets” qəzetinin əməkdaşı bundan əvvəl Nazarbayevin doğulduğu və Alma-Ata ətrafında yerləşən Şamalqan kəndində olub. Kənd sakinləri Nazarbayevin yanvarın 2-də, ölkəsində etirazların başladığı gün Şamalqana gəldiyini, qardaşı Bolatla və digər qohumları ilə görüşdüyünü, ertəsi gün isə kortejin müşaiyəti ilə Qırğızıstanla sərhəd istiqamətində yola düşdüyünü deyiblər. Bildirilirdi ki, Nazarbayev Qırğızıstan üzərindən Birləşmiş Ərəb Əmirliklərinə uçub.

Qırğızıstan sərhədçilərindən bir neçəsi təsdiq edib ki, Nazarbayevin kiçik qardaşı Bolat və “daha beş-altı adam” yanvarın 6-da səhər saatlarında “Ak-Jol” sərhəd-keçid məntəqəsindən Qazaxıstan-Qırğızıstan sərhədini keçiblər. Sərhədçilər “Azadlıq” radiosunun əməkdaşlarına adlarının çəkilməməsi şərti ilə deyiblər ki, Bolatı və onu müşaiyət edənləri “Qırğızıstan hakimiyyətinə yaxın adamlar” qarşıladı.
Radio Bolat Nazarbayevin, habelə Nursain Nazarbayev və Baurjan Nurqazulının (onun ailə üzvləri) pasportlarının surətini də əldə edib. Onlar da həmin gün Bolatla birlikdə Qırğızıstana keçiblər. Nursain Nazarbayevin Nazarbayevlər ailəsinə necə qohum olduğu barədə açıq mənbələrdə məlumat yoxdur, amma Baurjan Nurqazuli adlı şəxs Alma-Atadakı “Barıs” bazarının rəhbərlərindən biridir.

Qazaxıstan-Qırğızıstan sərhədi yaxınlığında işləyən taksi sürücüləri də deyiblər ki, Nazarbayevlərin şüşələri qara plyonkalı maşınlarının sərhədi keçdiyini görüblər.
Bişkekin Manas aeroportunun bir neçə əməkdaşı isə bildiriblər ki, Bolat Nazarbayev və daha bir neçə nəfər Qırğızıstan üzərindən Dubaya uçdular. Manas aeroportunun mətbuat katibi yanvarın 6-da Bişkekdən Dubaya özəl təyyarə uçduğunu təsdiqləyib. Bildirib ki, “Bombardier” təyyarəsi yanvarın 6-da Dubaydan Bişkekə uçub və həmin gün geri qayıdıb.
Xatırladaq ki, Qazaxıstandakı məlum hadisələrdən sonra Nursultan Nazarbayevin kürəkənləri də daxil olmaqla bütün yaxınları, qohumları tutduqları vəzifələrdən çıxarılır. Onun portretləri və barelyefləri sökülür.
