Bölgələrdə tullantı böhranı: “Əsas sual haranı təmizləyək yox, çirklənmənin qarşısını necə almaqdır”backend

Bölgələrdə tullantı böhranı: “Əsas sual haranı təmizləyək yox, çirklənmənin qarşısını necə almaqdır”

Bölgələrdə tullantı problemini təmizlik aksiyaları və çəkilən fotoşəkillərlə deyil, davamlı ətraf mühitin idarəetmə sistemi vasitəsilə həll etmək lazımdır. Xüsusilə kənd və qəsəbələrdə məişət tullantılarının idarə olunması hələ də ciddi problemlərdən biri olaraq qalır. Qusar kimi təbiəti və turizm potensialı yüksək olan rayonlarda məişət tullantılarının çay sahillərinə, meşəlik ərazilərə və yol kənarlarına atılması artıq yalnız sanitariya məsələsi deyil, həm də ekoloji, sosial və iqtisadi problemdir.

Bu fikirləri beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib.

Pensiya almaq istəyənlərin diqqətinə | KONKRET

Ekspertin sözlərinə görə, Qusarçay ərazisində tullantıların təmizlənməsi ilə bağlı mütəmadi aksiyaların keçirilməsi problemin hələ də tam həll olunmadığını göstərir:

“Yerli icra strukturlarının əməkdaşları əraziləri təmizləyir, görülən işləri fotoşəkillərlə nümayiş etdirirlər. Amma əsas sual bundan sonra həmin əraziyə yenidən tullantı atılmasının qarşısının necə alınmasıdır.

Hesab edirəm ki, problemin əsas səbəblərindən biri bir çox kəndlərdə məişət tullantılarının toplanması və daşınması üzrə davamlı və sistemli xidmətin kifayət qədər formalaşmamasıdır. Əslində, burada velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Dünyada ətraf mühitin idarə olunması ilə bağlı formalaşmış beynəlxalq təcrübə və standartlar mövcuddur.

Ətraf mühitin idarəetmə sisteminin əsas məqsədi ətraf mühitə təsirləri müəyyənləşdirmək, onların qarşısını almaq, riskləri idarə etmək və fəaliyyətin davamlı şəkildə yaxşılaşdırılmasını təmin etməkdir.

Bu sistem çərçivəsində ilk növbədə ekoloji aspektlər müəyyən edilməli və onların ətraf mühitə təsiri qiymətləndirilməlidir. Məsələn, tullantıların çaylara atılması, qanunsuz tullantı məntəqələrinin yaranması, tullantıların vaxtında daşınmaması və təkrar emal imkanlarından istifadə edilməməsi ayrıca ekoloji problem kimi qiymətləndirilməlidir.

Daha sonra hansı problemin daha yüksək risk yaratdığı müəyyənləşdirilməli və ona uyğun tədbirlər görülməlidir. Yəni əsas sual “haranı təmizləyək?” yox, “çirklənmə haradan yaranır və onun qarşısını necə alaq?” olmalıdır”.

A. İbrahimov vurğulayıb ki, ətraf mühitin idarəetmə sistemi yalnız konteynerlərin yerləşdirilməsindən ibarət deyil:

“Konteynerlərin qoyulması ilə yanaşı, onların vaxtında boşaldılması, tullantıların daşınması, çeşidlənməsi, təkrar emalı və son olaraq təhlükəsiz şəkildə yerləşdirilməsi təmin edilməlidir. Hər bir mərhələ üzrə məsuliyyət müəyyənləşdirilməli, xidmətin hansı tezliklə həyata keçirildiyi nəzarətdə saxlanılmalı və nəticələr ölçülməlidir. Bu yanaşma beynəlxalq səviyyədə qəbul edilmiş ətraf mühitin idarəetmə sistemi prinsipləri ilə də uzlaşır.

Burada məsuliyyət bölgüsü də xüsusi əhəmiyyət daşıyır. Bələdiyyələrin, yerli icra strukturlarının, kommunal xidmətlərin, tullantıların daşınmasını həyata keçirən şirkətlərin və digər aidiyyəti tərəflərin funksiyaları dəqiq müəyyən edilməlidir. Kim konteyneri yerləşdirir, tullantını yığır, daşıyır, son yerləşdirməyə cavabdeh olur, nəzarət edir və nəticələr barədə hesabat verir? Bu sualların cavabı olmadan davamlı tullantı idarəetmə sistemi qurmaq mümkün deyil.

Bu məsələyə ESG yanaşması ilə də baxmaq lazımdır. Ətraf mühit komponenti tullantıların və təbii ehtiyatların düzgün idarə olunmasını, sosial komponent insanların sağlam və təhlükəsiz mühitdə yaşamasını, idarəetmə komponenti isə məsuliyyət bölgüsünü, şəffaflığı və hesabatlılığı nəzərdə tutur. Yəni tullantı problemi yalnız ekologiya qurumlarının məsələsi deyil. Burada yerli idarəetmə, biznes və vətəndaş arasında qarşılıqlı məsuliyyət formalaşdırılmalıdır.

Bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə də əlaqəlidir. Xüsusilə təmiz su və sanitariya, dayanıqlı yaşayış məntəqələri, məsuliyyətli istehlak və istehsal, iqlim fəaliyyəti və quruda həyatla bağlı məqsədlər tullantıların düzgün idarə olunmasını nəzərdə tutur. Qusarçayın çirklənməsinin qarşısının alınması yalnız yerli təmizlik məsələsi deyil, həm də su ehtiyatlarının, torpağın, meşələrin və təbii ekosistemlərin qorunması məsələsidir”.

Onun sözlərinə görə, ilk növbədə hər rayon üzrə tullantıların idarə olunması xəritəsi hazırlanmalıdır:

“Hansı kənddə nə qədər tullantı yaranır, konteynerlər harada yerləşdirilməlidir, tullantılar hansı marşrutla və hansı tezlikdə daşınmalıdır, hansı ərazilərdə qanunsuz tullantı məntəqələri mövcuddur – bütün bunlar müəyyənləşdirilməlidir.

Xüsusilə ucqar kəndlər üçün rayon mərkəzində tətbiq olunan model eyni formada işləməyə bilər. Bir neçə yaxın kəndi əhatə edən toplama məntəqələrinin yaradılması və müəyyən edilmiş daşınma qrafikinin tətbiqi daha səmərəli həll ola bilər.

Qusar kimi rayonlarda ayrıca çay sahillərinin və təbii ərazilərin qorunması layihəsi həyata keçirilməlidir. Tullantıların daha çox atıldığı ərazilər müəyyənləşdirilməli, orada konteynerlər, xəbərdarlıq lövhələri və zəruri hallarda videomüşahidə vasitələri quraşdırılmalıdır.

Amma əsas məqsəd çayı ildə bir neçə dəfə təmizləmək deyil, tullantının çaya düşməsinin qarşısını almaqdır. Əgər hər il eyni ərazini təmizləyiriksə, deməli, idarəetmə sistemində problem qalır”.

Ekspert qeyd edib ki, kəndlərdə tullantı toplama məntəqələri yaradılmalı, vətəndaş tullantısını hara atmalı olduğunu və hansı günlərdə ərazidən götürüləcəyini dəqiq bilməlidir:

“Əgər kənddə konteyner yoxdur və tullantıların daşınması təşkil edilməyibsə, yalnız vətəndaşı məsul tutmaq düzgün deyil. Əvvəlcə infrastruktur və xidmət yaradılmalı, paralel olaraq qanunsuz tullantı atılmasına nəzarət gücləndirilməlidir.

Növbəti mərhələdə plastik, şüşə, kağız və digər tullantıların ayrıca toplanması və təkrar emalı genişləndirilməlidir. Xüsusilə Qusar, Quba, Şəki, Qəbələ, Lerik və digər turizm potensialı yüksək olan rayonlarda otellər, restoranlar və istirahət mərkəzləri bu sistemə cəlb edilməlidir. Çünki təmiz təbiət həmin rayonların turizm məhsulunun əsas hissələrindən biridir.

Bölgələrdə 2026–2030-cu illər üçün “Təmiz kənd, təmiz çay, yaşıl turizm” proqramının hazırlanması mümkündür. Bu proqramlar ətraf mühitin idarəetmə sistemi, ESG yanaşması və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilə bilər.

Burada əsas göstərici keçirilən aksiyaların sayı və çəkilən şəkillər deyil. Əsas meyar qanunsuz tullantı sahələrinin nə qədər azalması, neçə kəndin müntəzəm tullantı xidmətinə qoşulması, nə qədər tullantının çeşidlənərək təkrar emala göndərilməsi, çay və meşə ərazilərində ekoloji vəziyyətin nə qədər yaxşılaşması olmalıdır.

Nəticə etibarilə, təmizlik aksiyası problemin həlli deyil, problemin nəticəsinin aradan qaldırılmasıdır. Əsas məsələ elə bir ətraf mühitin idarəetmə sistemi yaratmaqdır ki, həmin əraziyə yenidən tullantı atılmasın. Bunun üçün ekoloji aspektlərin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi, məqsədlərin müəyyən edilməsi, məsuliyyətlərin bölüşdürülməsi, monitorinq, hesabatlılıq və davamlı yaxşılaşdırma prinsipləri tətbiq edilməlidir.

Bölgənin təmizliyi yalnız ekologiya məsələsi deyil. Bu, həm də əhalinin həyat keyfiyyəti, ictimai sağlamlıq, turizm, yerli iqtisadiyyat və gələcək nəsillər üçün təbii sərvətlərin qorunması baxımından mühüm prioritetdir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*