“Bu cür məsuliyyətsizlik uğurla davam edən işimizi korlaya bilər” – AÇIQLAMAbackend

“Bu cür məsuliyyətsizlik uğurla davam edən işimizi korlaya bilər” - AÇIQLAMA

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar yayılmaqdadır. Bəzən hətta sosial şəbəkələrdə Şuşanın, Laçının, Kəlbəcərin və digər ərazilərimizin işğaldan azad olunması ilə bağlı qeyri-rəsmi məlumatlar dolaşır. Əlbəttə ki, bu məlumatlar düşmən tərəfindən bizə qarşı da istifadə edilir.

Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən telejurnalist Qulu Məhərrəmli bildirib ki, dəfələrlə xəbərdarlıq edilir ki, bu kimi məsələlər sosial şəbəkələrdə yazılmasın: “Çünki bunun özü də ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyalardır. Ona görə də bu kimi addımlardan çəkinmək lazımdı. Torpaqlarımız işğaldan azad olunduqca Ali Baş Komandan tərəfindən bu barədə məlumat veriləcək. Necə ola bilər ki, torpaqlar alınsın, biz bu barədə bilməyək. Ona görə hadisələri qabaqlamaq, yalnış təsəvvür yaratmaq, ordunun işinə maneə olmaq kimi işlərdən çəkinmək lazımdır. Dəfələrlə bu barədə deyilib”.

Qulu Məhərrəmli vurğulayıb ki, bu kimi məlumatlar özlyündə bir şaiyədir: “Məqsədindən asılı olmayaraq insanların aldanmasına səbəb olur. Hər birimiz torpaqlarımızın işğaldan azad edilməsini istəyirik. Demirəm ki, o şəxslər cəzalandırılsın. Sadəcə bir daha ciddi xəbərdarlıq edilsin. Bu cür səbirsizlik, məsuliyyətsizlik və hövsələsizlik uğurla davam edən işimizi korlaya bilər. Ona görə də səbirli və müdrik olmaq lazımdır. Cəbhədəki vəziyyətlə bağlı nə vaxt nəyi elan etməsi və əməliyyat aparması ilə bağlı qərar verən Ali Baş Komandandır. Bu proses uğurla davam etdirilir. Ona görə də hadisələri qabaqlamaq, yalandan infomasiyalar yaymaq və camaatı özündən çıxarmaq yolverilməzdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*