“Bu əslində Azərbaycanın öz dostlarına necə yanaşdığının göstəricisidir” – ŞƏRHbackend

“Bu əslində Azərbaycanın öz dostlarına necə yanaşdığının göstəricisidir” - ŞƏRH

Anar Əliyev, politoloq

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində bir sıra vacib məqamlara toxunub. İtaliya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, İtaliyanın Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstəyini, dost ölkə kimi İtaliya şirkətlərinin işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərində yaxından iştirak etdiyini nəzərə alsaq, o zaman bu müsahibənin çox böyük əhəmiyyət daşıdığını deyə bilərik. Eyni zamanda bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işlərinin, yol-nəqliyyat, enerji təchizatı və sair infrastruktur layihələrinin həyata keçirilməsi, vətəndaşların öz torpaqlarına tezliklə qayıtmasının prioritet vəzifə kimi müəyyən edilməsi, bu istiqamətdə ciddi səylərin göstərilməsi və böyük resursların səfərbər olunması qalib xalq kimi hər birimizi çox sevindirir.

Mövzunu KONKRET.az-a şərh dən Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev bildirib ki, Azərbaycan Prezidenti əslində Vətən müharibəsi başa çatdıqdan sonra, “Biz dostumuzu və düşmənimizi, Haqqın yanında olanları və olmayanları dəqiq bildik” fikirlərini səsləndirməklə öz mesajını dünyaya çatdırdı: “Eyni zamanda Azərbaycanın işğaldan azad olunan və 30 il ərzində ermənilər tərəfindən darmadağın edilən Qarabağ bölgəsinin bərpası prosesinə yalnız dost dövlətlərin şirkətlərinin dəvət olunacağı ilə bağlı səsləndirdiyi fikirlər, İtaliyanın bizə yaxınlığını təsdiqlədi. Bununla əslində Azərbaycan dövləti, Prezident İlham Əliyevin dili ilə deyilən sözlərin və əməllərin üst-üstə düşdüyünü sübuta yetirdi. Prezident müsahibəsi zamanı dost ölkə olaraq İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilən torpaqlarına dəvət olunduğunu diqqətə çatdırdı. Yəni İtaliyanın Türkiyədən sonra Qarabağdakı quruculuq işlərinə cəlb edilən ikinci dövlət olduğunu xatırlatdı. Bu əslində Azərbaycan və İtaliya münasibətlərinin hansı səviyyədə olduğunun, eləcə də rəsmi Bakının öz dostlarına necə yanaşdığının göstəricisidir”.

Anar Əliyevin sözlərinə görə Prezidentin müsahibəsindəki mühüm məqamlardan biri də, işğaldan azad edilən ərazilərdə həyata keçirilən sürətli və genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlı idi: “Bu proseslərə Azərbaycan dövlətinin ayırdığı sərmayə (il üzrə 1,3 milyard dollar) görülən işlərin həcminin böyüklüyünü göstərir. Eyni zamanda aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri torpağın əsl sahibinin kim olduğunu sübuta yetirir. 30 illik işğal dövründə yalnız dağıtmaq və məhv etməklə məşğul olan Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti öz ərazilərini yenidən qurur, böyük investisiyalar yatırır, yeni hava limanları (Füzuli aeroportu) tikir və infrastrukturu bərpa edir. Həmçinin çoxlu sayda məscidlərin, “ağıllı kənd”lərin tikilməsi prosesi artıq yekunlaşmaq üzrədir. Mədəniyyət beşiyimiz olan Şuşada böyük quruculuq işləri həyata keçirilir, Ağdam şəhərinin baş planı artıq təsdiqlənib və “ruhlar şəhəri”nin müasir şəkildə qurulması istiqamətində addımlar atılır. Cəbrayılın, Füzulinin baş planının təsdiqlənməsi istiqamətində işlər görülür. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti torpağın sahibi olaraq qısa müddətdə yerli əhalinin köçürülməsini təmin etməyə çalışır”.

Politoloqun sözlərinə görə, Azərbaycanın atdığı bütün addımlar Ermənistana və ermənilərə bir mesajdır: “Bununla Azərbaycan dövləti ermənilərə yaşadıqları həyat və sürdükləri səfalətlə, Azərbaycanın öz vətəndaşları üçün yaratdığı şəraiti göstərmək istəyir. Həmçinin Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməklə hansı həyata sahib olacaqlarını əyani şəkildə nümayiş etdirir. Azərbaycan dövləti və onun Lideri Qarabağı, Azərbaycanı və Cənubi Qafqazı sülh və barış bölgəsinə çevirmək üçün lazım olan bütün addımların atılmasında maraqlı və iddialıdır. Azərbaycanın buna gücü, iqtisadi qüdrəti və Liderinin siyasi iradəsi çatır. İnanıram ki, görülən işlərin əməli nəticəsi olaraq tezliklə vətəndaşlarımızın Qarabağa qayıdışını öz gözlərimizlə görəcəyik və bu prosesdə bizə Türkiyə, İtaliya ilə yanaşı digər dost dövlətlərin şirkətləri də yardım edəcək. Qarabağ bölgəsi isə çox sürətlə inkişaf edən bir iqtisadi zonaya çevriləcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*