Cəhənnəmə birtərəfli bilet – Nazaryanın nəzərinə!backend

Cəhənnəmə birtərəfli bilet – Nazaryanın nəzərinə!

Azərbaycana qarşı hərbi revanş cəhdlərinin mənasızlığı erməni şüur altısında tədricən özünə yer eləməyə başlayıb deyəsən. “Əzabkeş xalq”ın ağlını tam itirməmiş mənsubları artıq anlayırlar ki, məğlub ölkə hələ uzun on illər Azərbaycanla nə iqtisadi, nə də hərbi sferada ayaqlaşa biləcək. Hətta blokada götürülsə belə, bu mümkün olmayacaq.

Çünki iki ölkənin iqtisadi, energetik, coğrafi, demoqrafik, logistik göstəriciləri və imkanları müqayisəyəgəlməz dərəcədə bizim xeyrimizədir və getdikcə aradakı fərq böyüyəcək. Üstəgəl, sərhədlərin və kommunikasiyaların açılmasından Azərbaycan daha böyük fayda götürəcək, nəinki Ermənistan. Bunu nə qədər çox erməni siyasi xadimi dərk eləsə, hesablasa, bir o qədər öz xalqı uduşda olar.

“Hərbi revanş haqda fikirlərdən vaz keçmək lazımdır”. Bu cəsarətli sözlərin müəllifi Ermənistan parlamentinin vitse-spikeri, Paşinyanın partiyasının üzvü Lena Nazaryandır. O, “ərazilərin güc yolu ilə geri qaytarılması” üçün revanşa çağıranları “ziyanlı və geridə qalmış” adlandırıb. Sitat: “Bu gün bir çoxları deyir ki, bir neçə illik dinc həyatdan sonra biz güclənərik, silahlanarıq və sonra öz qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm ki, mənə barmaqla göstərsinlər ki, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər?”

Məntiqli sualdır. Onsuz da sayı azalmağa gedən bir xalqın gənc övladlarını, gələcəyin ailə başçılarını boş yerə nə qədər qırğına vermək olar?

Nazaryanın fikirlərinə qayıdaq. Vitse-spiker hesab edir ki, Ermənistan bütün qonşularla “uzunmüddətli və ya hətta daimi sülhün təmin edilməsinə” çalışmalıdır. O, “region sonunda nəhayət ki, insani sima əldə eləməlidir” bildirib, ardınca isə iddia edib ki, “Azərbaycanın nəzarətindəki “artsax” ərazilərini siyasi yolla qaytarmaq olar”. Lakin o, müharibəyə qarşı olduğunu söyləyib: “Müasir sivil dünyada bütün məsələlər dinc, danışıqlar yolu ilə həllini tapmalıdır”. Vitse-spiker müxalifətin “müharibəni uduzan lider danışıqlar apara bilməz” tezisinə də münasibət bildirərək, “Nikol Paşinyan real vəziyyəti indi hamıdan yaxşı təsəvvür edir və başqaları kimi “buludlarda süzmür, yerdədir” deyib.

Amma diqqət edin. Savaşa, revanşa qarşı olan Lena Nazaryan “arsax”ı danışıqlar yolu ilə “qaytarmağın” mümkünlüyünü zənn edir. Beləcə, o da öz xalqını aldadır, saxtakarlıq edir. Pardon, axı hara qaytarmağın? Dağlıq Qarabağ məgər nə vaxtsa Ermənistandan qoparılıb Azərbaycana verilmişdimi ki, axçi onu “geri qaytarmaq”dan dəm vurur?

Bununla belə, erməni ictimai-siyasi şüurunda pozitiv dəyişikliklər təqdirə layiqdir. İstisna deyil ki, belə ikibaşlı açıqlamalarla həm də Ermənistan cəmiyyətinin hələ də radikal olan mühüm kəsimini sakitləşdirmək niyyəti güdülür. Hər necə olmasa, indi “gəlin kapitulyasiya ilə barışaq və Azərbaycan və Türkiyə ilə münasibətləri düzəldək” çağırışı edən rəsmilər müəyyən mənada öz həyatlarını riskə soxurlar. Zira, Ermənistanın nasist Njde düşüncəli faşist rəhbərləri, erməni kilsəsi (katolikos), xaricdəki diaspor öz xalqını illər boyu Dağlıq Qarabağın erməni torpağı olduğuna əmin edib, inandırıb. Hətta Dağlıq Qarabağ ətrafındakı ərazilərimizin də qədim erməni yurdu olması kimi xəstə fikirlərlə beyinlər “yuyulub”. Qafalardakı bu patoloji izləri silmək, “delet” etmək sizə asan gəlməsin.

Ancaq silməli olacaqlar. Silmək zorundadırlar. Əks halda, Ermənistan adlı feyk dövlətləri xəritədən silinəcək…

Bir də ki, nə qədər istəyirsiz siyasi yolla danışıq aparın özünüz üçün. Bu, daha Azərbaycanı ilgiləndiməz. Çünki status söhbəti bizdən ötrü, beynəlxalq birlikdən ötrü bitib. Ümid qalır ki, erməni toplumu zamanla bu absurd iddiadan – “arsaxı danışıqlarla qaytarmaq” xülyasından da vaz keçəcək. Çünki “artsax” qatarı çoxdan gedib. “Status məsələsi” də cəhənnəmə birtərəfli bilet alıb, yəni onun da qayıdışı gözlənilmir! Azərbaycan xalqı “cini şüşəyə” salıb və ağzını da möhkəm bağlayaraq Xəzərə atıb.
Rusiyalı politoloq İqor Korotçenko demiş, indi yaxşı olar Qarabağda qalmış ermənilər hamını bezdirən “artsax” cəfəngiyatlarına qulaq verməkdənsə, Azərbaycan dillini öyrənməyə başlasınlar. Dilimizi bilən yaşlı ermənilər üçün isə təkrarın faydası var.

Bir də məsləhətdir ki, Nazaryanın özü də çox “buludlarda süzməsin”, “yerə” ensin. Əgər həqiqətən ölkəsinin qonşularla dami sülh içində yaşamasının arzusundadırsa…

Zahid Səfəroğlu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*