Danışmaq məqamında susan deputatlarımız – DÜRÜST OLUN!backend

Danışmaq məqamında susan deputatlarımız -  DÜRÜST OLUN!

Surxay Atakişiyev

Bir-birinin ardınca qandallanan icra başçılarının əməlləri günümüzün əsas müzakirə mövzusudur. Hamı danışır, hamı ittiham edir. Mənsə heyrətlənirəm?  Axı nə vaxtadək yıxılanın dalınca danışacağıq? Şeytan göz qabağındaykən deyil, hər şey olub bitəndən sonra qeyrətə gələcəyik?  Və bu ziyanlı vərdişdən nə zamansa əl çəkə biləcəyikmi? Təbii ki, saxlanılanları müdafiə etmirəm. Onlar cinayətkardır və dövlət başçısının bilavasitə göstərişi ilə layiq olduqları cəzanı alacaqlar. Məni narahat edən  başqa mətləblərdir. Məsələn, bu gün ağız-ağıza verib həbs olunanlar haqqında min bir hədyan danışan millət vəkillərinin mövqeyi mənə çatmır.

Axı hamı bilir ki, əksər deputatlar bu gün icra başçılarının “sağdışı-soldışı” rolunu oynayır. Ümumrayon tədbirlərində icra başçılarının yanında addımlayıb ətrafa xoş təbəssüm səpələyirlər. Günün sonunda isə bahalı maşınlarının “baqajı”na doldurulmuş pay-pürüşlə evlərinə dönürlər. Təbii ki, ciblərində qalın bir “konvert” də olur. Sonra da gəlib parlament iclaslarında seçicilərinin yox, icra başçılarının vəkili kimi danışırlar. Elə Milli Məclisin son iclasında Sabir Rüstəmxanlı ilə Musa Qasımlının deyişməsi dediyimə çox gözəl sübutdur. Bu yerdə acı bir xatırlatma edim.

2018-ci ilin yayında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ölçüyə gəlməyən özbaşnalıqları şəhərdə VƏTƏNDAŞ-DÖVLƏT münasibətlərinə çox ciddi ziyan vurdu. Amma o zaman bir millət vəkili durub danışmadı, əksinə, narazı elektoratın üzərinə gedildi. Bəziləri isə icra başçısının müdafiəsinə qalxdı. Sonda nə oldu? Xəstəxanada can çəkişən, xidməti otağını toplamağa macal tapmayan icra başçısının seyfindən 2500-dən artıq maaş kartı çıxdı.

O zaman bu olay ictimailəşmədi. Lakin ölkə başçısı yerli məmurların cinayətləri ilə bağlı ətraflı məlumat almış oldu. Və bugünkü həbslərin bir səbəbi də həmin maaş kartlarıdır. Bəs bu maaş kartları barədə hörmətli deputatlarımız niyə danışmırlar? Axı bu çirkin maxinasiya əksər icra başçısı tərəfindən bu gün də davam etdirilir. Çünki icra başçılarının əsas gəlir mənbələrindən biri yenə də bədnam maaş kartlarıdir.

Başqa bir faktı deyim. Hər il Milli Məclisdə Hesablama Palatası hesabat verən zaman icra hakimiyyətlərinin 10 milyonlarla manat dövlət vəsaitlərini mənimsəmələri barədə danışılanda hörmətli deputatlarımız nədənsə susmağa üstünlük verirlər. Amma hansısa qudurğan məmur zərərsizləşdiriləndə deputatlarımız yenə olurlar milli təəssübkeş, vətənpərvər. Bu yerdə həmin deputatlara bir xatırlatma etmək istəyirəm.

Məşhur rus yazarı Saltkov-Şedrin deyirdi ki, “Kim ki qışqıra-qışqıra vətənpərvərlikdən danışır, deməli, o nəsə oğurlayıb”. Təbii ki, bu gün Milli Məclisdə oturanların heç də hamısı “süddən çıxmış ağ qaşıq” deyillər. Deputatların arasında icra başçıları ilə ortaq biznesi olanlar da yox deyil. Tikinti, tütün, otelçilik, tibbi avadanlıqlar və restoran biznesi ilə məşğul olan deputatlarımızı hələ demirəm. Baxmayaraq ki, deputatların kommersiya fəaliyyəti ilə məşgul olmaları qanunla qadağandır. Qanunu tapdalayıb keçən insansa heç vaxt ədalətli və vətənpərvər ola bilməz. Ona görə də icra hakimiyyəti başçılarının özbaşınalıqlarını görüb susan və bu gün bülbül kimi ötən deputatlarımız da ən azı mənəvi məsuliyyət daşıyırlar. Və belə deputatlardan bir xahişim var: haqqı deyə bilmirsinizsə, heç olmasa şərin yanında durmayın! Bunu nə Allah götürəcək, nə də ölkə başçısı qəbul edəcək.

Və inanırıq ki, Prezident İlham Əliyev yaxın zamanlarda bu məsələyə də öz prinsipial mövqeyini bildirəcək.

  • Azad Abdurshmanov
    May 9, 2020 - 16:46

    YuoTube.Aqdas icra bascisi, mehkeme sedrinin,icra memuru sahib,yap isanin ozbasinaliqi xahis edirem baxin.YuoTube kanalim. Azad Abdurahmanov

  • Azad Abdurahmanov
    May 9, 2020 - 16:47

    YuoTube.Aqdas icra bascisi, mehkeme sedrinin,icra memuru sahib,yap isanin ozbasinaliqi xahis edirem baxin.YuoTube kanalim. Azad Abdurahmanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*