“ATƏT-in Minsk Qrupu həmsədrlərini indi daha çox başqa məsələlər düşündürür. Elə buna görə də Dağlıq Qarabağ münaqişəsinə tam diqqət yetirilmir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Denis Denisov yerli mediaya açıqlamasında bildirib.
Politoloqun fikrincə, ABŞ-ın başı ciddi şəkildə prezident seçkilərinə qatılıb. Fransa isə Avropadakı son terror hücumları fonunda İslam dünyası ilə böyük problemlər yaşamaqdadır.
D.Denisov vurğulayıb ki, Rusiya üçün Qarabağ münaqişəsi həlli tələb olunan vacib sahə olaraq qalır. Ekspert qeyd edib ki, Rusiya da bu aralar xeyli beynəlxalq mövzuların araşdırılması ilə məşğuldur. Bunların arasında Belarusdakı hadisələr, Qırğızıstanda davam edən siyasi böhran və Suriyadakı qarşıdurma xüsusi əhəmiyyət kəsb edir.
Ekspert Dağlıq Qarabağ münaqişəsinin 27 sentyabrda alovlandığı kimi eyni şəkildə davam etdiyini bildirib. O hesab edir ki, münaqişə hələ bir müddət uzanacaq. “Əlbəttə ki, üçüncü ölkələr Ermənistan və Azərbaycan liderlərinə birbaşa təzyiq göstərməsələr, bu, davam edəcək”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az
