Deputat: Paşinyan bundan sonra Qarabağ haqqında deyil, Ermənistan dövlətinin ağır vəziyyəti haqqında düşünməlidirbackend

Deputat: Paşinyan bundan sonra Qarabağ haqqında deyil, Ermənistan dövlətinin ağır vəziyyəti haqqında düşünməlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın dövlət başçılığına layiq olmadığı, savadsız, səriştəsiz bir “siyasətçi” olduğu bu günlərdə bir daha özünü göstərdi. Paşinyan əvvəldən fikirləşə bilmədi ki, kasıb, rəzil Ermənistan dövləti güclü iqtisadiyyatı, müasir silahlarla təchiz edilmiş peşəkar orduya malik Azərbaycanla müharibə aparmaq iqtidarında deyil.

KONKRET.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Deputat deyib ki, Paşinyan bir sıra xarici dövlətlərin dəstəyinə arxalanaraq Azərbaycana qarşı hərbi təxribatlara başladı. Lakin həmin qüvvələrin, həmin dövlətlərin dəstəyi də Paşinyanı xilas edə bilmədi. Çünki Prezident İlham Əliyev bu illər ərzində düşünülmüş, müdrik xarici siyasət yürüdüb, Azərbaycan dövlətinin imicini yüksəklərə qaldırıb, müasir və güclü ordu yaradıb. Kasıb Ermənistan dövlətinin iqtisadiyyatı bu müharibədə demək olar ki, tamamilə tənəzzülə uğradı. Artıq Ermənistan KİV-lərində də Ermənistanın iqtisadiyyatının tamamilə çökməsi barədə xəbərlər yayılmaqdadır. Ölkədə zəruri ərzaq qıtlığı ilə yanaşı, sürətlə bahalaşma getdiyi bildirilir. Ermənistanda iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, Paşinyan hakimiyyəti artıq ordusunu ərzaqla, hərbi sursatla təmin etmək iqtidarında deyil. Bu azmış kimi Ermənistan ordusunda fərarilik baş alıb gedir. Ermənistan vətəndaşları nəinki vuruşmaqdan, hətta orduya getməkdən imtina edir. Bununla bağlı Ermənistan parlamentində qərar qəbul edildi, fərariliyə görə 6 ildən 12 ilə qədər həbs cəzası təsdiqləndi. Lakin bu da vəziyyətə təsir edə bilmədi. Artıq Ermənistan cəmiyyəti başa düşür ki, onlar başqa dövlətin torpaqlarında vuruşub ölürlər. Əlacı kəsilən Ermənistan rəhbərliyi xaricdə yaşayan ermənilərə üz tutub onları Qarabağda döyüşməyə çağırır.

Prezident İlham Əliyev müharibənin ilk günlərində qeyd edirdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı xarici muzdlular vuruşurlar. Buraya xaricdən gətirilən erməni millətindən olan muzdlularla yanaşı, Suriya və İraqdan gətirilən PKK və YPG terrorçuları da daxildir. Əli hər yerdən üzülmüş Paşınyan artıq din xadimlərini də zorla döyüşə göndərir. Halbuki bütün dinlərdə olduğu kimi, ermənilərin sitayiş etdiyi xristianlıq da zorakılığı qəti inkar edir.

Deputat qeyd edib ki, Ermənistanın daxilində siyasi vəziyyət çox gərgindir. Ölkənin keçmiş rəhbərliklərindən də artıq Paşinyanın istefa verməli olması barədə fikirlər səslənir. Siyasi ekspertlərin də qeyd etdikləri kimi, bu gün artıq Paşinyan Qarabağ haqqında deyil, vəziyyətinin gündən-günə ağırlaşdığı Ermənistan dövlətinin mövcudluğu haqqında düşünməlidir.

“Əminəm ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə yaxın günlərdə Qarabağda tam qələbə qazanacaq. Azərbaycan bayrağı Şuşa, Xankəndi başda olmaqla işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanacaq. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha görəcək”, -deyə deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*