DTK-da əslindən seçilməyən saxta sənədlər necə hazırlanırdı?- Kəşfiyyatçı casusun açdığı sirlərbackend

DTK-da əslindən seçilməyən saxta sənədlər necə hazırlanırdı?- Kəşfiyyatçı casusun açdığı sirlər

Mən DTK-da işləməyə başladığım vaxt qeyr-leqalların (xaricdə kəşfiyyatçılıq edənlər) funksiyaları dəyişirdi. Onları xüsusi bir diqqətlə seçirdilər. Kəşfiyyatçıları qeyri-adi qabiliyyətləri olan, xüsusi xarekterə malik, mütləq fəhlə-kəndli mühitindən çıxmış DTK əməkdaşları arasından seçib hazırlayırdılar. SSRİ ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələri hərtərəfli təlimlərdən sonra müvafiq sənədlərlə təmin olunurdular və əcnəbilərə – almanlara, hollandlara, fransızlara, belçikalılara və başqalarına çevrilirdilər. Sənədlər ya gerçək (ölmüş əcnəbilərə məxsus), ya da saxta olurdu. Dinc dövrdə DTK və BKİ (Baş Kəşfiyyat İdarəsi – QRU) öz fəaliyyətlərində möcüzəvi icadlar nümayiş etdirirdi. Bu qurumların bir çox əməkdaşları – qeyri-leqallar bir neçə dildə sərbəst danışırdılar; onlar Avropa ölkələrində, Yaxın və Orta Şərqdə məskunlaşmışdılar, bütün dünyada sərbəst hərəkət edirdilər. Ancaq müharibədən sonra bu sistem bəzi boşluqlar buraxmağa başlamışdı – sənədlərin hazırlanmasında çətinliklər əmələ gəlmişdi. Çünki əksəriyyəti öz sahəsində mahir mütəxəssislər olan yəhudilərin hamısını DTK-dan qovmuşdular. Beləcə, Komitə öz ştatını ölkənin “xam” yerlərindən çıxmış rusların hesabına doldurmuşdu. Onlar üçün isə qərb mentaliteti çətin dərk edilən idi.

Hər bir kəşfiyyatçını xaricə göndərməzdən əvvəl “əfsanə” (uydurma tərcümeyi-hal) ilə təmin edirdilər. Bu, iki sütunda bütün həyatı əks etdirən qısa material idi.  Sol sütunda tərcümeyi-halın faktları göstərilirdi, sağdakında isə onları təsdiq edən sənədlər (saxtalaşdırılmış).

Maykl Smitin hər iki valideyni Londonda doğulub. Smitin doğum haqqında şəhadətnaməsi yoxdur. “Əfsanə”yə görə, 1951-ci ildə baş verən yanğın zamanı bütün sənədlər yanıb. M.C. qısa müddətə Qalifaksa gedib və uşaqlığını keçirdiyi yerləri ziyarət edib və s.

“Əfsanə”nin həcmi bir neçə səhifədən ibarət olurdu. Müharibədən sonra kəşfiyyatçının vəzifəsi sadəcə göndərildiyi ölkədə yaşamaq və üçüncü dünya müharibəsinin başlanmasını gözləmək idi. Onun sərəncamında radioverici olurdu. Hərbi əməliyyatların başlandığı təqdirdə, digər rabitə vasitələri pozulardısa, o, bu radiovericidən istifadə etməliydi. Doğrusu, bu halda kəşfiyyatçının Mərkəzə hansı informasiyanı ötürə biləcəyi mənim üçün tapmaca olaraq qalır – yəqin ki, o, üfüqdə gördüyü nüvə göbələklərinin miqdarını deyə bilərdi.

Yetmişinci illərdə situasiya dəyişməyə başladı – qeyri-leqalların aktivləşdirilməsi zərurəti barədə söhbətlər intensivləşdi. Onlar sadəcə oturub dənizdəki havanı gözləməli deyildilər, nəsə bir iş görməliydilər. Nəticədə kimləri yeni tapşırıqların yerinə yetirilməsi üçün yararsız hesab edirdilərsə, onlara dəymirdilər və onlar “gözləmə” oyunu oynamaqda davam edirdilər. Daha qabiliyyətlilərə isə təmaslar yaratmağı və cəlbetmə işi üçün zəmin hazırlamağı tapşırırdılar. Əcnəbiləri casusluğa cəlbetmə işi ilə qeyri-leqalların məşğul olması yasaqlanmışdı – onlar ciddi şəkildə məxfiləşdirilmiş halda qalmalıydılar. Qeyri-leqal kəşfiyyatçı tərəfindən seçilmiş əcnəbi vətəndaşa kəşfiyyatın xüsusi əməkdaşları – cəlbedənlər çıxırdı.

Bu və ya digər səbəbdən bəzi qeyri-leqallar eyni yerdə uzun müddət qala bilmirdilər. Onları Moskvaya çağırır, idarənin ilk rəisinin adıyla adlandırılan Naqayev qrupuna keçirirdilər. Bu bölmənin zabitləri dünyanın elə nöqtələrinə göndərilirdi ki, orada onların olmasına ehtiyac vardı. Mənim qardaşımla bağlı da bənzər hadisə olmuşdu: onun arvadı başqa ölkədə uzun müddət yaşaya bilmirdi. Qardaşım Şərqi Berlində mənzillənmiş mobil qrupun heyətinə daxil idi və xüsusi tapşırıqları icra etmək üçün Mozambikə, Cənubi Afrikaya və Cənubi Vyetnama, yəni SSRİ-nin daimi nümayəndəliklərinin olmadığı ölkələrə uçurdu. Bir dəfə o, hətta İsveçdə yaşayan və dəli olan qeyri-leqalı o ölkədən çıxarmalı olmuşdu. Qardaşım kimi cəlbedən zabitlər üçün həmişə etibarlı örtük təşkil edirdilər və uğursuzluq təqdirində təcili şəkildə olduğu ölkədən çıxarırdılar. Məsələn, əgər Misirdə casusluğa cəlb etmək üçün potensial obyekt, deyək ki, spirtli içkilərə və qadınlara qarşı zəif damarı olan amerikalı biznesmen zühur edibsə, o zaman idarə Qahirəni yaxşı tanıyan öz keçmiş qeyri-leqal kəşfiyyatçısını, hərtərəfli işlənib hazırlanmış hərəkət planı ilə təchiz edərək ora göndərirdi. İdarənin əməkdaşının üstündə Kiprə qədər aviabilet də olurdu ki, o, cəlbetmə işi uğursuz alınarsa, dərhal ortadan qeyb olsun.

Bu qəribə və sirli kəşfiyyat xidməti aləmində DTK-nın ikinci şöbəsi əsasən qeyri-leqallar üçün sənəd hazırlanmasıyla məşğul idi, biz isə onların başqa ölkəyə “atılmasıyla” (bu, geniş işlənən termin agentin bir ölkədən başqasına, məsələn, SSRİ-dən Qərbə, Avstriyadan Macarıstana və ya əksinə göndərilməsini nəzərdə tuturdu). Bu, kifayət qədər mürəkkəb iş idi, çünki hər şey kərə yağından tük çəkər kimi edilməliydi.

Şöbənin ən məxfi zonası qeyri-leqallar üçün saxta sənədlərin hazırlandığı kabinetlər idi. Bu kabinetlərdə üç və ya dörd adam otururdu. Onlar bir şey icad etməsələr də, yalnız qarşılarındakı orijinal sənədin üzünü çıxarsalar da, hamısı öz işlərinin mahir ustasıydı.  Bu cür peşəkarcasına hazırlanmış saxta və əsl sənədlər şöbədə minlərlə yığılmışdı və onların qoruyucuları müstəsna olaraq qadınlar idi. Hazır sənəd ehtiyatına daima yeniləri əlavə olunurdu. Onlar üçün blanklar və formalar DTK-nın laboratoriyalarından birində çap olunurdu. Bu laboratoriya hardasa paytaxt hüdudlarından kənar bir yerdəydi və oradan saxta sənədlərə adlar, soyadlar, tarixlər və doğum yerləri, sənədin nömrələri gəlirdi. Bundan sonra məxfi şöbənin əməkdaşları sənədi hazırlamağa başlayırdılar. Onların çox sayda, müxtəlif dillərdə, bütün mümkün şriftlərlə işləyən yazı makinaları vardı. Onların arasında hətta primitiv alman printerləri olsa da, bütün yazılar əllə edilirdi. Bundan ötrü icraçılar özləri üçün tuş və mürəkkəb hazırlayırdılar. Əgər sənədin köhnə görünməsi zəruriydisə, onu xüsusi sobada emal edirdilər. Onlar gerçəkdən də möcüzə yaradırdılar. Hər şey o qədər ustalıq və bacarıqla edilirdi ki, saxta sənəd orijinalından heç nə ilə fərqlənmirdi. Fin pasportundan tutmuş İran və Yaponiya pasportuna qədər istənilən pasport bu cür nəfis şəkildə hazırlanırdı.

Bəzən saxta sənəd hazırlayanlar həllolunmaz problemlərlə qarşılaşırdılar. Məsələn, Finlandiya pasportunun üz qabığı göy plastikdən hazırlanırdı və bu materialın geydirməsini hazırlamaq mümkün görünmürdü.  Elə olmuşdu ki, S idarəsinin o zaman Finlandiyada işləyən və Mərkəzdəki çətinliklərdən xəbərdar olan əməkdaşı nəsə bir xırda şey almaq üçün mağazaya girəndə, piştaxtada çoxlu göy plastik dürgəhləri görmüşdü. O, satıcıdan onlardan birini ona göstərməyi xahiş etmiş və plastikə diqqətlə nəzər yetirəndən sonra anlamışdı ki, Moskvada ehtiyac duyulan material məhz budur. Və əməkdaş bütöv bir göy plastik dürgəhi alaraq Moskvaya yollamışdı. Bu material bir neçə yüz fin pasportunun hazırlanmasına bəs edirdi.

Bizim idarə arı yuvasını xatırladırdı – onun hər kabinetində iş qaynayırdı. İngilis-amerikan şöbəsi hər şeydən öncə intensiv şəkildə ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya ilə məşğul olurdu. Kanada və Afrika materiki ölkələri ikinci planda idi. Yuxarıda adları sadalanan ölkələrdən Böyük Britaniyaya birinci dərəcəli diqqət yetirilirdi, çünki orada vətəndaşların qeydiyyatı sistemi daha zəif idi – bu ölkənin vətəndaşlarından heç kim hər zaman yanında şəxsiyyəti təsdiq edən sənəd gəzdirməyi özünə vəzifə hesab etmirdi. Bir də orada Qərbi Almaniyada olduğu kimi mərkəzi qeydiyyat xidməti mövcud deyildi. Bundan başqa, Britaniya pasportunu əldə etmək xüsusi zəhmət tələb etmirdi və bu, DTK əməkdaşlarının çoxunun arzusuydu. Londonda işləyən istənilən kəşfiyyatçı sərbəst şəkildə Somerset-Hausa (bu ad S idarəsinin əməkdaşlarının dilindən düşmürdü) daxil ola, orada olan kartotekaları eşələyə və öz mülahizəsinə görə, DTK-ya lazım olası doğum haqqında şəhadətnamələr tapa, surətini çıxara, pasport düzəldilməsi lazım olan digər sənədlərə əlavə edə bilirdi.

TƏRCÜMƏ: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*