44 günlük Vətən müharibəsinə könüllü yollanan, şiddətli döyüşlərdə şücaət göstərən və ağır yalaranaraq sağlamlığını itirən qazilərimizdən biri də 28 yaşlı Elmir Allahverdiyevdir. Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsinin sakini olan Elmir müharibənin ilk günündən könüllü cəbhəyə yollanıb. Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da ağır yaralanıb, 3 aydır müalicə alır.
KONKRET.az xəbər verir ki, Virtualaz.org Qarabağ qazisinin bacısı Elnarə Allahverdiyeva ilə söhbətləşib. Bacısı deyir ki, Elmir müharibə xəbərini eşidən kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Bacısı deyir ki, qardaşı döyüşə yollanarkən hamı ilə görüşüb, ya şəhid, ya qazi kimi geri dönəcəyini söyləyib. Ağır yaralar alıb, amma qalib döyüşçü kimi də geri dönüb.

“Elmir danışır ki, yaralandığı gün mühasirəyə düşüblər, onların yaxınlıqlarında dəfələrlə minaatan mərmisi partlayıb. Sonra yaxın məsafədən atışma başlayıb. Həmin an tək düşüncəsi əsir düşməmək olub. Hətta evə zəng vuraraq son dəfə hamımızın səsimizi eşitmək istəyib, amma buna imkan tapmayıb. Bizim əsgərlər vaxtında onların köməyinə gəlib ,mühasirədən çıxa biliblər”- bacısı danışır.
Elnarə əlavə edir ki, indiyədək 3 bacıya qardaşlıq edən Elmir indi bütün Azərbaycanın qardaşıdır və onun haqqında danışılanları eşitdikcə fəxr edir. “Torpaqların azad edilməsində qardaşımın da əməyi var və bu, onun üçün təsəllidir. Deyir ki, əziyyətimiz hədər getmədi. Onu tanıyanlar bilirlər ki, Elmir necə vətənpərvərdir. Elmir cəbhədən zəng vuranda deyirdi ki, hamı irəliyə can atır, yaralıları, şəhidləri döyüş meydanından çıxartmaq üçün canından keçənlər var. Yaddaşı zəifləsə də, döyüşçü dostlarını unutmur”.

Elnarə deyir ki, qardaşı çətinliklədə olsa baş verənləri xatırlayır. Deyir ki, minatan mərmisi partlayandan sonra əlinin-ayaqlarının işləmədiyini düşünüb. Lakin özünə gələndən sonra yenidən döyüşə atılıb. Növbəti partlayışda döyüş texnikasınının alışdığını görüb. Dostları partlayışda onun da şəhid olduğunu düşünüblər.
“Ağır döyüşlər olub. Növbəti minapatan mərmiləri partlayandansonra huşunu itirib, ayılanda özünü xəstəxanada görüb. Onun döyüş meydanından necə xilas edildiyini bilmirik. Qardaşım baş-beyin travması aldığından görmə və eşitməsi zəifləyib. Qulağının biri aparat vasitəsilə eşidir. Kontuziyaya görə həm də yaddaşı və nitqi pozulub. Döyüşlərdən danışanda həyəcanlanır, amma var gücü ilə baş verənləri xatırlamağa çalışır. Biz onun sağalması üçün dua edirik, o, isə döyüşçü dostlarının unutmamaq üçün dua edir. Deyir ki, birdən yaddaşım tamam itər, döyüşçü yoldaşlarımı unudaram. Buna görə hər gün onların haqqında danışır. Şəhid olan döyüşçü yoldaşlarını xatırlamaq ona ağrı verir”.

Bacısının dediyinə görə, Elmirin döyüş səhnələrini əks etdirən çoxsaylı fotoları telefonunda olub, yaralananda telefon da yanıb və nəticədə həmin kadrlar da itib.
Döyüşçü yoldaşları Elmiri şəhid olanların arasında iki gün axtarıblar. Xəstəxanada komandiri ilə qarşılaşıb: “Elmir özünə gələndə çox şeyi xatırlamırdı. Amma komandiri onu dərhal tanıyıb. Danışır ki, kimsə ona yaxınlaşaraq göz yaşları içərisində qucaqlayıb. Bildirib ki, Elmirin şəhid olduğunu düşünüb. Son dəfə Elmiri irəli atılarkən görüb, ardınca partlayış baş verib. O da Elmir kimi yaralıdır, müalicə alır”.
Elmir Allahverdiyev ailəlidir, bir övlad var. Həkimlər onun uzunmüddətli müalicəyə ehtiyacı olduğunu bildiriblər. Əsgər Elmir Allahverdiyev “Füzulinin azad olunmasına görə”,eləcə də “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
