“Ərazi bütövlüyümüzün bərpası rəşadətli ordumuzun zəfəri sayəsində mümkün olacaq” – AÇIQLAMAbackend

"Ərazi bütövlüyümüzün bərpası rəşadətli ordumuzun zəfəri sayəsində mümkün olacaq" - AÇIQLAMA

“Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad etməsi üçün Böyük Vətən Müharibəsinə başlayıb”.

Bunu KONKRET.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, bu müharibə qələbə ilə nəticələnəcək və Azərbaycan öz torpaqlarında suveren hüquqlarını bərpa edəcək: “Ərazi bütövlüyümüzün bərpası rəşadətli ordumuzun zəfəri sayəsində mümkün olacaq. Azərbaycan 1994-ci ildən bu yana sülh danışıqlarına həmişə sadiq qalıb və prosesin danışıqlar masasında həll olunmasının tərəfdarı olub. Amma təəssüf ki, Ermənistan tərəfi və bəzi onlara dəstək olan qüvvələr sülh danışıqlarına mane olaraq prosesin uzadılmasına çalışıblar. Onlar hər yolla torpaqlarımızın işğalda qalmasına və status-kvonun dəyişilməməsinə çalışıblar. Azərbaycan xalqının da səbri tükənməz deyil.

Cənab Prezident hər zaman vurğulayırdı ki, Azərbaycan öz torpaqlarını azad etmə hüququnu özündə saxlayır. Nəhayət sentyabrın 27-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan Azərbaycan Ordusu əks həmlə ilə düşmən ordusunu darmadağın etdi. Artıq düşməni sülhə məcburetmə əməliyyatına başladı. Bu əməliyyat nəticəsində bir çox yüksəklikləri və 7 kəndimizi işğaldan azad etdik. Uğurlu döyüş əməliyyatını davam edirik”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı bu gün Ordumuzun və Ali Baş Komandanımızın yanındadır: “Azərbaycanın hər bir vətəndaşı özünü müsəlləh əsgər hesab edir. Bu, şərəfli və tarixi mübarizədir. İnşəallah biz bu mübarizədən qalib çıxacağıq. Bir çox beynəlxalq təşkilatlar müharibəni dayandırmaq, yenidən danışıqlara davam etməklə bağlı çıxışlar edirlər. Onlara demək lazımdır ki, 30 ildir onlar harda idilər?! Azərbaycan bu danışıqlara 30 ildir sədaqət nümayiş etdirmişdi. Bu müddətdə torpaqlarımızın işğalına ona görə səbir edirdik ki, sülh prosesi baş tutsun. Bu gün isə biz bu şəkildə düşməni sülh prosesinə məcbur edirik. İnanıram ki, Azərbaycan Ordusu torpaqlarımızı tamamilə işğaldan azad edəcək. Məğlub Ermənistan sülh masasına oturacaq, BMT-nin 4 qətnaməsi icra ediləcək, Azərbaycanın suveren hüquqları təmin olunacaq, biz ədalətli sülhə düşməni məcbur edəcəyik. Buna Azərbaycanın hərbi gücü və qüdrəti çatır.

Cənab Prezidentin siyasi iradəsi göz önündədir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Bir çox ölkələr də bu yolda Azərbaycanı dəstəkləyir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*