“Ermənistan Aİ üzvü olmağa hazır deyil”backend

“Ermənistan Aİ üzvü olmağa hazır deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün ləğv edilməsinin mümkün olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, o bu gün parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, AİB-də qərarlar konsensus prinsipi ilə qəbul edilir.

“Ermənistan AİB-dən xaric edilə bilməz; orada qərarlar konsensusla qəbul edilir”, – Paşinyan qeyd edib.

Baş nazir həmçinin təşkilat daxilində bütün üzv ölkələrin veto hüququna malik olduğunu xatırladıb.

O, AİB və ya Avropa İttifaqı (Aİ) ilə bağlı referendum ehtimalına da münasibət bildirib. Paşinyanın sözlərinə görə, belə bir məsələ yalnız Ermənistanın Aİ-yə rəsmi üzvlük müraciəti və ya namizəd statusu olduğu halda gündəmə gələ bilər: “Referendum mövzusu olmalıdır,  bunun üçün Ermənistan ən azı rəsmi olaraq Aİ üzvü olmaq üçün müraciət etməlidir və ya namizəd statusuna malik olmalıdır. Hazırda isə belə deyil, çünki biz obyektiv olaraq buna hazır deyilik. Bəs niyə sadəcə formallıq naminə? Formallıq naminə müraciət təqdim edək? İndi biz sakitcə islahat yolumuzu davam etdirəcəyik və Aİ tərəfdaşlarımız da mövqeyimizi qiymətləndirəcəklər”.

Paşinyan AİB daxilindəki tərəfdaşların bəzi məsələlərə yanaşmasını da tənqid edib və onların təşkilatın nüfuzuna zərər verə biləcəyini qeyd edib.

O, Çinlə münasibətlərə dair sualı cavablandıraraq Ermənistanın ötən il Pekinlə strateji tərəfdaşlıq imzaladığını xatırladıb: “Strateji tərəfdaşlıq gələcəkdə də davam edəcək. Hər iki ölkə, xüsusən də TRIPP çərçivəsində, bununla maraqlanır”.

Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı suallara cavabında isə Baş nazir bunun periodik xarakter daşıyan texniki və ticarət problemləri olduğunu bildirib.

Paşinyan əlavə edib ki, AİB daxilində fitosanitar qaydalar, standartlar və ixrac mexanizmləri ilə bağlı müzakirələr daim davam edir və üzv ölkələr arasında bu sahələrdə qarşılıqlı narahatlıqlar mövcuddur.

Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 blok mandat uğrunda mübarizə aparır. Səsvermədə 2 485 851 seçici iştirak hüququna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*