Son zamanlar iş axtaran qadınların qarşılaşdığı şübhəli vakansiyalarla bağlı narahatlıqlar artır. Müxtəlif platformalarda yüksək əməkhaqqı vəd edən iş elanlarının yerləşdirilməsi, müraciət edən qadınlarla ilkin mərhələdə normal işgüzar ünsiyyət qurulduqdan sonra isə onlara işlə heç bir əlaqəsi olmayan şəxsi münasibət və ya nikah təkliflərinin irəli sürülməsi ciddi hüquqi və sosial suallar yaradır.
Belə hallarda iş axtaran şəxslərin aldadılması, onların maddi ehtiyaclarından sui-istifadə edilməsi, həmçinin mümkün təzyiq və təqib hallarının hüquqi baxımdan necə qiymətləndirilməsi maraq doğurur. Eyni zamanda, bu cür elanların qarşısının alınması üçün onlayn platformaların və aidiyyəti dövlət qurumlarının hansı addımları ata biləcəyi də gündəmdədir.
Mövzu ilə bağlı Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasında bildirib ki, iş axtaran qadının maddi ehtiyacından istifadə edərək yüksək maaşlı vakansiya adı ilə onunla əlaqə yaratmaq, daha sonra isə söhbətin mahiyyətini dəyişərək intim münasibət və ya digər şəxsi xarakterli təkliflər irəli sürmək yalnız mənəvi məsələ kimi qiymətləndirilə bilməz.

“Burada əsas hüquqi sual elanın hansı məqsədlə yerləşdirilməsi və şəxsin qadını əvvəlcədən aldatmaq niyyətinin olub-olmamasıdır. Təkcə “özümə həyat yoldaşı axtarıram” və ya oxşar məzmunlu təklifin səsləndirilməsi avtomatik olaraq cinayət məsuliyyəti yaratmır.
Lakin iş elanından yalnız vasitə kimi istifadə edilir, qadınlar sistemli şəkildə aldadılaraq görüşə çağırılır, onların maddi çətinliyindən və ya digər həssas vəziyyətindən istifadə olunaraq cinsi istismara yönəldilirsə, artıq əməldə daha ciddi cinayət-hüquqi əlamətlər yarana bilər.
Cinayət Məcəlləsinin 144-1-ci maddəsi aldatma, məcburetmə və ya şəxsin zəif vəziyyətindən sui-istifadə etməklə istismar məqsədilə cəlb etməni insan alverinin mümkün formaları sırasında nəzərdə tutur. Konkret faktlardan asılı olaraq fahişəliyə cəlb etməyə dair Cinayət Məcəlləsinin 243-cü maddəsinin tətbiqi məsələsi də araşdırıla bilər. Həmin maddənin 243.1-ci hissəsində gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etməyə görə 2 500–3 500 manat cərimədən üç ilədək azadlıqdan məhrumetməyədək cəzalar müəyyən edilib”.
Vəkilin sözlərinə görə, saxta vakansiya adı altında qadından pul, bank kartı məlumatları və ya hər hansı əmlak əldə olunarsa, vəziyyət Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq əlamətləri baxımından da qiymətləndirilə bilər.
“Yəni hüquqi qiymət təklifin nə qədər nalayiq səslənməsinə deyil, aldatma üsuluna, məqsədə, təkrar xarakter daşımasına, zərərçəkənlərin sayına, maddi və ya cinsi istismar niyyətinə, eləcə də hədə, şantaj və məcburetmənin olub-olmamasına əsasən verilir.
Belə vəziyyətdə ən yanlış addım həmin şəxsi öz təşəbbüsünlə görüşə çağırıb “cəzalandırmağa” və ya onunla fiziki şəkildə haqq-hesab çəkməyə çalışmaqdır. Bu, həm şəxsi təhlükəsizlik baxımından risklidir, həm də nəticədə şikayət edən tərəfin özünün hüquqi məsuliyyətlə üzləşməsinə səbəb ola bilər.
Daha düzgün yol sübutları itirmədən toplamaqdır. Elanın tam görüntüsü və linki, istifadəçi profili, telefon nömrəsi, yazışmalar, səsli mesajlar, zəng tarixçəsi və eyni şəxsin digər qadınlara analoji təkliflər etdiyini təsdiqləyən materiallar saxlanılmalıdır.
Bundan sonra elan platformanın administrasiyasına şikayət edilməli, eyni zamanda polisə yazılı və ya elektron formada müraciət olunmalıdır. Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi fəaliyyət göstərir. İnsan alveri və istismar ehtimalı doğuran hallar üçün isə 152 “Qaynar xətt” nəzərdə tutulub.
Polisə müraciətdə emosional ifadələrdən daha çox faktların ardıcıllığı göstərilməlidir. Eyni zamanda, iş elanı adı altında qadınların aldadılaraq başqa məqsədlə cəlb edilməsi, bu hərəkətlərin sistemli olub-olmaması və əməldə insan alveri, cinsi istismar və ya digər hüquqazidd hərəkətlərin əlamətlərinin mövcudluğunun araşdırılması xahiş edilə bilər.
Belə müraciət həmin şəxsin kimliyinin, digər zərərçəkənlərin olub-olmamasının və elanların arxasında cinayət niyyətinin dayanıb-dayanmadığının hüquq-mühafizə orqanları tərəfindən prosessual qaydada yoxlanılmasına imkan verir”.
Aynurə İsmayıl
KONKRET.az
