“Ermənistanda demokratiyanı demokratik “mübarizlər” öldürdü”.
KONKRET.az erməni KİV-nə istinadla xəbər verir ki, bunu keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.
“Ermənistan Respublikasının qanununda deyilir ki, cəmiyyətdə yüksək nüfuza malik istənilən şəxs İnsan Hüquqları Müdafiəçisi vəzifəsinə seçilə bilər. Zavallı Ermənistan o qədər ruhdan düşüb ki, Vətəni düşmənə təslim edən, ölkəni diz çökdürən, gənc nəslin bir hissəsini məhv edən, yoxsulluğu artıran hakimiyyətin nümayəndəsi, heç nə ilə yadda qalmayan nazir müavini özünü bir fiqur kimi namizədliyə iddia edir”, – Zakaryan yazıb.
Daha sonra o, ombudsmanlığa namizəd Kristina Qriqoryanı ələ salıb.
“Arman Tatoyanla müqayisədə, əgər parlamentin irəli sürdüyü, ictimaiyyətə məlum olmayan ombudsman namizədi Ermənistanda onun partiya yoldaşlarının təqdim etməyə çalışdığı yüksək ictimai nüfuza malikdirsə, deməli Nikol ən azı bütün dünya xalqlarının tanıdığı super ulduzdur. Şərq və Qərb xalqları ona ibadət etməlidir.
Nikolun dağıdıcı soyqırım siyasətinin əsirliyinə düşmüş daha bir hüquqşünas köməkçisi Ermənistanda pozulan insan hüquq və azadlıqlarını necə ört-basdır edəcəyini təsəvvür edirəm.
Ermənistanda demokratiya demokratiya uğrunda “mübarizlərin” əli ilə öldürülüb”,- o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
