“Ermənistanın cəmi 6 ay vaxtı qalıb, əks halda İrəvan hər şeyini itirəcək” – İLGİNC DETALLARbackend

"Ermənistanın cəmi 6 ay vaxtı qalıb, əks halda İrəvan hər şeyini itirəcək" - İLGİNC DETALLAR

Dünya 2023-cü ilə qədəm qoysa da, ötən il baş verən və hələ də həllini gözləyən münaqişələrə şahidlik edir. Məsələn, Rusiya-Ukrayna müharibəsi hələ yekunlaşmayıb, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb və sairə. Lakin qlobal dünyada maraqlar uğrunda gedən mübarizədə bir çox dövlətlərin parçalanması istiqamətində həyata keçirilən planlar artıq heç kimi təəccübləndirmir. Bəs görəsən bu il sülh müqaviləsi imzalanacaqmı? Yaxud Rusiya və Ukrayna müharibəsinin yekunlaşması ehtimalı nə qədərdir? Politoloq Cümşüd Nuriyev bu və digər məsələlərlə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:

– Bu il sülh müqaviləsi imzalanacaqmı?

– Hadisələrin gedişatı sülh müqaviləsinin imzalanmasının Ermənistanın imkanları daxilində olmadığını göstərir. İstənilən sülh müqaviləsini bağlamaqdan ötrü tərəflərin maraqları üst-üstə düşməlidir. Danışıqlar beynəlxalq, regional və lokal xaqrakterli olmaqla 3 yerə bölünür. Beynəlxalq danışıqlar heç bir nəticə vermədiyindən Azərbaycan 2020-ci ildə buna son qoydu. Regional səviyyədə danışıqları isə ABŞ, Fransanın əli ilə pozdu. Artıq yeganə yol lokal (Azərbaycan-Ermənistan arasında birbaşa danışıqlar) danışıqlardan keçir. Dünya praktikasında sülh yaratmaq üçün danışıqların bu üsulundan istifadə edilir. Hərçənd Qarabağ münaqişəsinin içərisində həm separatizm, həm ərazi iddiası, həm dini müstəvi, həm də millətlərarası münasibətlər məsələsi var. Belə bir şəraitdə bu münaqişənin dünya praktikasında resepti yoxdur. Yəni münaqişənin danışıqlar yolu ilə həlli mümkün olmadığından Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq torpaqlarını azad etdi. Paşinyan anlayır ki, bu, Ermənistan üçün son şansdır. Putin də bildirib ki, dövlətlər Sovet imperiyasına hansı ərazi ilə daxil olublarsa, həmin torpaqlarla da qalmalıdırlar. Ermənistan Sovet imperiyasının tərkibinə cəmi 9 min kvadrat kilometr ərazi ilə daxil olub. Həmin vaxt nə Zəngəzur, nə Dərələyəz, nə də Göycə onların tərkibində deyildi. Bu da Erməmistana bir mesajdır. Amma görünən odur ki, hazırda aparılan siyasət Ermənistanı sülh müqaviləsini imzalamaqdan kənarda saxlayır. Çünki Fransa və İran buna mane olur.

– Sülh müqaviləsi imzalanmasa nə baş verəcək?

– Sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın atdığı addımlar sırasına 23 gündür gedən ekoloji aksiyanı əlavə etmək olar. Çünki dünya artıq Azərbaycanın sülh tərəfdarı olduğunu qəbul edib. Eyni zamanda rəsmi Bakı ekoloji cinayətlər məsləsini gündəmə gətirməklə ağıllı addım atıb. Odur ki, bizim aksiya keçirən gənclərimiz öz iradəsindən dönməməlidir. Dünya üçün Azərbaycan humanitar və ekoloji mühitə dəyər verən dövlət kimi yenicə kəşf olunur. Hazırda ermənilərin az da olsa ehtiyyatları mövcuddur. Amma fevral ayının ortalarından Xankəndidən köç başlayacaq. Bizim keçirdiyimiz aksiyanın müsbət tərəflərindən biri də odur ki, Alban kökənli və gəlmə ermənilər arasında qarşıdurma yarada bilib. Üstəlik Ermənistanın özündə ABŞ və Rusiyanı dəstəkləyənlər arasında mübarizə gedir. Aksiyanın digər müsbət cəhəti isə Vardanyan və Vitali Balasanyan arasında ciddi qarşıdurma yaratmasıdır. Ermənistanda müxalifət sülh müqaviləsinin imzalanmamasına görə Paşinyanı günahlandırır. Eyni zamanda artıq erməni blogerlər Xankəndi və Ağdərənin itiriləcəyi haqda xəbərdarlıq edirlər. Bütün bunların hamısı sülh müqaviləsinin imzalanması üçün ilkin şərtləri yaradıb. Əgər Ermənistan yaxın 6 ay ərzində, yəni iyun ayına qədər Azərbaycanla sülh müqaviləsi imzalamasa, o zaman İrəvan hər şeyi itirəcək. Çünki Azərbaycan antiterror əməliyyatı keçirməyə məcbur qalacaq. Rusiya ermənilərin yanında olmayacaq, İran isə heç bir kömək göstərmək gücündə deyil. Artıq hərbi və ideoloji cəhətdən iflasa uğrayan Ermənistan siyasi böhran ərəfəsindədir. Odur ki, dövlət kimi qalmaq istəyirsə, mütləq 6 ay ərzində sülh müqaviləsini imzalamalıdır.

Parlamentə yenə nənəsi ermənilər seçilib” - Cümşüd Nuriyev

– Rusiyanın Ermənistana bu cür münasibət sərgiləməsinin basilica səbəbləri nədir?

– Paşinyan birmənalı şəkildə Amerikanın adamıdır. Yəni ABŞ-ın Qafqazdakı maraqlarını təmin etməyə çalışır. ABŞ isə Rusiyanı parçalamaq üçün Ermənistandan istifadə etmək niyyətindədir. “Hyuston” sənədləri belə deməyə əsas verir. Bu sənədlərdən Kremlin xəbəri var və orada Rusiyanın 4 yerə parçalanacağı haqda məlumat öz əksini tapıb. Bu sənədlərdə göstərilir ki, Urala qədər, yəni Arxangelsk ətrafında paytaxtı Sankt-Peterburq olmaqla Rusiya dövləti qalır, qalan hissə Polşaya verilir. Cənubdan Qazaxıstan sərhədinə qədər Türkiyəyə çatır. Uzaq şərqi isə iki yerə bölürlər. Yəni Sibirin şimal hissəsi ABŞ-a, cənubu isə Yaponiyaya verilir. Rusiya bu layihədən xəbərdar olduğu üçün Ukraynaya hücum edib. Hətta bu il Finlandiyaya qarşı da hər hansısa bir addım atması mümkündür. Türkiyə də bu məsələləri bildiyi üçün Rusiya ilə yaxınlaşmağa qərar verib. Çünki ABŞ-ın Türkiyəni parçalamaq üçün 1997-ci ildə qəbul olunan layihəsi mövcuddur. Bu layihəni artıq Türkiyə kəşfiyyatı ələ keçirib. Layihəyə əsasən Azərbaycan və Türkiyə sərhədləri qapanmalı, Bəsrədən Gürcüstan sərhədinə qədər Kürdüstan dövləti qurulmalı, İğdır, Ərzurum, Elazığ və digər ərazilər də ona verilməli Azərbaycanı sakitləşdirmək üçün Urmiyaya qədər Cənubla birləşdirmək nəzərdə tutulurdu. Amma əslində məqsəd Azərbaycan və Türkiyəni bir-birindən ayırmaq idi.

– Rusiya və Türkiyə yaxınlaşması Azərbaycana nə verdi?

– Amerikanın bu iki layihəsi Rusiya və Türkiyəni bir-birinə yaxınlaşdırıb. Türkiyə 1946-cı ildən gündəmə gələn milli maraqlar nəzəriyyəsinə uyğun olaraq bu addımı atıb. Bunun bariz nəticəsini isə Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etməklə gördü. Bu uğurun davamı gələcək. Ermənistan istəsə də, istəməsə də Azərbaycan Zəngəzurdan dəhliz açacaq. Çünki İrəvan bunun qarşısını almaq gücündə deyil. Rusiya bu layihədə maraqlıdır. İran isə Novruz bayramındakı keçəl statusunda olan bir dövlətdir. Əsas oyunçu Türkiyə və Rusiyadır. Onların Cənubi Qafqazda maraqları üst-üstə düşür. Ukraynaya gəldikdə isə, bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir layihədir. Zelenskini aldadaraq oyunun içərisinə salıblar. Rusiya bu müharibədə Dneprə qədər irəliləyəcək. Dneprdən sonrkı ərazilər isə Polşa, Macarıstan və Rumınıya arasında bölünəcək. Bir sözlə Ukrayna adında dövlət mövcud olmayacaq. Nəzərə almaq lazımdır ki, Rusiya bir imperiyadır. Azərbaycan bu imperiyadan ən az zərərlə çıxan bir dövlətdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*