Fəxri konsul: “Xarkovda vəziyyət gərgindir, gücləndirilmiş iş rejimində işləyirik”  – EKSKLÜZİVbackend

Fəxri konsul: "Xarkovda vəziyyət gərgindir, gücləndirilmiş iş rejimində işləyirik" - EKSKLÜZİV

Son günlər məlum hadisələrlə əlaqədar bütün diqqətlər Ukraynaya yönəlib. Rusiyanın “sülh” adı altındakı Ukraynaya qarşı işğalçılıq siyasəti günlərdir davam edir.

Xarkovda baş verən hadisələr və son durum haqqında Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov KONKRET.az-a eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Əfqan müəllim, hal-hazırda Xarkov vilayətində vəziyyət necədir ?

– Hal-hazırda Xarkov vilayətində vəziyyət ağır olaraq qalmaqdadır. Bilirsiniz ki, Xarkov ən çox zərbələrə məruz qalan şəhərdir və bunun nəticəsində dağıntılar kifayət qədər çoxdur. Ancaq bütün bunlara baxmayaraq müvafiq dövlət qurumları gücləndirilmiş iş rejimində işləyirlər və maksimum həyatı vacib obyektlərin fəaliyyətini təmin etməyə çalışırlar.

– Əfqan müəllim, Xarkov vilayəti Azərbaycanlıların çox yaşadığı bölgədir. Həmvətənlərimizlə işi necə qurmusunuz?

– Düz qeyd etdiyiniz, Xarkov vilayəti azərbaycanlıların geniş yaşadıqları yerdir. Burada həm daimi yaşayırlar və eyni zamanda universitetlər şəhəri olduğu üçün tələbələrin sayı çoxdur. Ona görə 24 fevraldan etibarən Azərbaycanın fəxri konsulluğu 24 saatlıq iş rejiminə keçdi və maksimum həmvətənlərimiz ilə əlaqənin qurulmasına çalışdıq. Qeyd edim ki, paralel olaraq evakuasiya marşrutları ölkəmizin müvafiq qurumları ilə razılaşdırılmaqla həyata keçirildi və hazırda təhlükəsizlik şəraitindən asılı olaraq proses davam edir.

Qeyd edim ki, həm ölkəmizin Xarici İşlər Naziri cənab Ceyhun Bayramov, eyni zamanda Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov mütəmadi olaraq prosessin gedişi ilə maraqlanırlar və XİN – Diaspora komitəsi birgə əməkdaşlıq şəkilində prosesin uğurla alınması üçün səy göstərirlər. Bu günə qədər təkçə Xarkov vilayətindən 3000-dən çox həmvətənimiz evakuasiya edilib.

– Əfqan müəllim, əslən azərbaycanlı ancaq Ukrayna vətəndaşları olan həmvətənlərimizlə necə işləyirsiniz?

– Ukraynada uzun illər yaşayan bir çox həmvətənimiz bildiyiniz kimi Ukrayna vətəndaşlığını qəbul ediblər. Belə olan halda onlara münasibətdə Ukrayna qanunvericiliyi tətbiq edilir və onlara dəstək yerli adminstrasiya tərəfindən həyata keçirilməlidir. Ancaq bütün bunlara baxmayaraq fəxri konsulluq belə həmvətənlərimizə qarşı da əlindən gələni əsirgəmir. Xüsusəndə qadın və uşaqlara münasibətdə xüsusi həssaslıq nümayiş etdirib, yerli adminstrasiya ilə konsultasiya şəraitində onların təxliyəsinə dəstək göstərmişik.

– Fəxri konsulluq binası partlamalardan ciddi zərər çəkdi. Hal-hazırda fəaliyyətinizi harda və necə davam etdirirsiniz ?

– Fəxri konsulluq binası 2 dəfə zərbələrdən zərər çəkdi. Birinci partlayış zamanı binanın şüşələri çatladı və binaya ciddi zərər dəymədiyindən fəaliyyətimiz fəxri konsulluq binasından davam etdirildi. Ancaq ikinci partlama bir başa konsulluq binasına dəydiyindən bina ciddi zərər gördü və fəaliyyətin ordan davam etdirilməsi mümkün olmadı. Buna görə də mərkəzlə məsləhətləşərək fəxri konsulluq qismən təhlükəsiz əraziyə köçdü və bu gün fəaliyyətimiz qismən təhlükəsiz ərazidən ştat rejimində davam etdirilir.

– Əfqan müəllim, Xarkovda hümanitar böhran varmı ?

– Qeyd etmək istəyirəm ki, hal-hazırda Xarkovda vəziyyət çox ağırdır. Ancaq buna baxmayaraq şəhər adminstrasiyası işləyir və maksimum şəkildə əhalini tələb edilən xidmətlərlə təmin etməyə çalışırlar. Buna görə Xarkov vilayətində böhran vəziyyəti yoxdur. Azərbaycanın fəxri konsulluğu olaraq biz də daim şəhər adminstrasiyası ilə əlaqədəyik. Bizə daxil olan və həlli şəhər adminstrasiyasından asılı olan müraciətləri onlara yönəldirik. Beləcə biz şəhər adminsrtasiyası ilə birlikdə həmvətənlərimizin problemlərinin həllində rol oynamağa çalışırıq.

– Əfqan müəllim, bir çox ölkələr Xarkovda konsulluqlarını bağlayıb. Azərbaycanın fəxri konsulluğu ilə bağlı məsələ nə yerdədir? Bağlanması nəzərdə tutulurmu?

– Münaqişənin ilk günündən ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən bizlərə xüsusi təlimat verildi. Bu təlimatın əsas məğzi belədir, bütün həmvətənlərlə əlaqə saxlansın, onların problemləri operativ araşdırılsın və imkan daxilindən köməklik göstərilsin. Bu təlimat bu gündə qüvvədədir və ona görə fəxri konsulluğun bağlanması məsələsi gündəmdə deyil. Biz yerləşdiyimiz yeri dəyişə bilərik, bu isə situasiyadan asılıdır. Ancaq bağlanmaq gündəlikdə dayanmayıb. Situasiyanın hansı formada inkişaf etməsindən asılı olmayaraq Xarkov vilayətində yaşayan həmvətənlərimiz bilməlidirlər ki, Azərbaycanın fəxri konsulluğu 24 saat onların yanındadır və yanlarında olmağa davam edəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*