Bu gün Türkiyənin məşhur falçılarından biri ilə söhbət edəcəyik.
Çoxlarının bəhs etdiyi falçılıq fəaliyyəti, kartlar, enerji və cinlər haqqında faktları biz də daha yaxından öyrənmək istədik və fal baxılan qəhvə məkanlarından birinə üz tutduq. İçəridə gözlədiyimizdən daha çox sıra var idi. Demək olar ki, bütün masalar fala baxdırmağa gələn insanlarla dolu idi. Biz də qəhvəmizi sifariş edib, sıramızı gözləməyə başladıq. Nəhayət, bir saatdan sonra sıra bizə çatdı. Qəhvəmi götürüb xanımın masasına yaxınlaşdım, əyləşdim. Gəlişimin səbəbinin faldan daha çox müsahibə almaq olduğunu öyrənən xanım təklifimi günün sonunda qəbul edəcəyini bildirdi. Və gün sonunda müsahibəmiz baş tutdu.
– Fisun xanım, öncəliklə bizimlə həmsöhbət olmağı qəbul etdiyiniz üçün təşəkkür edirik. Oxucularımıza özünüz və işiniz haqqında məlumat verə bilərsinizmi?
– Mən çox gənc yaşlarımdan bu işlə məşğulam. Ailəmizdə də falçılıqla məşğul olanlar var idi, yəni bu mənə dədə-babamdan keçib. Siz buna baxıcılıq, vergi, altıncı hiss deyə bilərsiniz. Bizim işimiz hər kəsin bacara biləcəyi bir iş deyil, bu, ürək məsələsidir. Mən bir stolda oturub qarşı tərəfin gözlərinin içinə baxanda içindəki fırtınaları, düşüncələri hiss edirəm.
– Bəs bir insanın həyatını, hətta gələcəyini necə bilmək olar?
– Bu, mənə dədə-babamdan keçib. Mən kartları əlimə alan kimi hər şeyi görürəm, eşidirəm. Bunun necə olduğunu izah etmək bir az çətin məsələdir. Bu kartlar mənim dilimdə danışır və izah edir. Amma bu vergi hər kəsə nəsib olmur. Bu düşündüyünüz kimi asan olsaydı, hamı falçı olardı. İndi çoxu əlinə kart alıb özünə baxıcı deyir. Mənim kartlarım ailəmin mənə mirasıdır. Neçə illik, əsl tarot kartlarıdır. Sən qarşındakı kartlardan birini mənə ver, sənin düşüncələrini, keçmişini oxuyum.
– Əvvəllər daha çox xanımlar baxıcıya üz tuturdu. Lakin içəridə bəyləri də görürük. Sizcə, bunun səbəbi nədir?
– Dünya dəyişdikcə insanlar da dəyişir. Əvvəl məhəllədən xalalar gəlirdi, indi görürsən, imkanlı kişilər, yaşlı dayılar, kostyumlu qadınlar gəlir. Hər kəsin bir problemi, bir ümidi var. Bəziləri sevgi, bəziləri iş, bəziləri sağlamlıq üçün qapımızı döyür. İşlər çətinləşən kimi insanlar daha yüksək gücdən kömək umarlar. Mənim işim insanları aldatmaq deyil. Əgər kart yox deyirsə, o insanı incitmədən başqa yol göstərirəm. Mənim sizin kimi çox gənc xanım müştərim var. Çoxu da imkanlı ər axtarmaq üçün yanıma gəlir. Hər addımlarını mənimlə məsləhətləşirlər. Mən də kartlarıma baxıb, yol göstərirəm. Mən cadu, dua kimi şeylər hazırlamıram. Sadəcə “sabah bu işə get, xeyirlidir”, ya da “getmə, sonu yaxşı görünmür” deyirəm.
– Müqəddəs kitabımız olan Quranla gələcəyi görənlər haqqında nə düşünürsünüz? Bəziləri bunun günah olduğunu, bəziləri isə olmadığını deyirlər…
– Quran müqəddəs kitabdır. Onunla fala baxa bilməzlər. Quran insanları hidayət edir, nur saçır. Amma bu, fal deyil, başqa şeydir.
– Falın bir çox növləri var. İnsanlar ən çox hansına inanır və bu, həqiqətən işləyirmi?
– Fal dediyiniz baxıcıdan asılı olaraq dəyişir. Görürsünüz, yan tərəfdəki masada güya enerji ilə nəyisə bilirlər. Bəziləri tarot kartları ilə baxır, bəziləri gələcəyi qəhvə falında görür, bəziləri su ilə, ya da enerji ilə baxır. Mənim işim kartlar və qəhvə ilə baxmaqdır. Hər kəsin bir inancı var, ona hörmət edirəm. Lakin mənim fikrimcə, enerji ilə heç nəyi bilmək olmaz.
– Cinlərlə ünsiyyət haqqında nə düşünürsünüz? Bu, həqiqətən mümkündürmü?
– (Gülümsəyir). Bu, bir az çətin sual oldu. İnsanlar bəzən buna inanmır. Amma gerçək baxıcının xəbərçiləri olur. Onların da yaxşısı-pisi, tərs düşəni var. Baxıcılığa ilk başlayanda psixoloji dəstək aldığım zamanlar da olub. Çünki mən kartı açıram və başlayıram onların dediklərini deməyə. Onlar illər öncə mənim gözümə görünməyə başladılar. Evdə, yolda, hər yerdə məni izləyirdilər. Pis niyyətləri olmadığını bilirdim. Çünki həmişə gülümsəyirdilər və heç bir falda dedikləri səhv çıxmırdı. Lakin evdəkilər bundan narahat olmağa başladı. Çünki mən onların oturduğu, dayandığı yerləri görürdüm. İnsanlardan kimsə orada oturmaq istəyəndə reaksiya verirdim.
– Keçmiş zamanda danışdığınıza görə hazırda onlarla ünsiyyətdə deyilsiz yəqin?..
– Demək olar ki, hər falımda onlarla ünsiyyətdəyəm. Lakin artıq onları çox görmürəm, sadəcə fal zamanı eşidirəm.
Sonda xanım mənim də falıma baxdı. Və haqqımda söylədiklərinin az bir qismi düz, bir qismi isə yalan çıxdı. Doğru olanlar isə hər insanın həyatında yaşaya biləcəyi hadisələrdir. Yəni falçı xanım məni heç nə ilə təəccübləndirə bilmədi. Gələcəklə bağlı dediklərinin də nə qədər doğru-yanlış olduğunu yaşayıb-görəcəyik.
Semra Ələkbərli,
KONKRET.az