“İkinci bir cəbhənin açılmasına yol verməməliyik” – AÇIQLAMAbackend

"İkinci bir cəbhənin açılmasına yol verməməliyik" - AÇIQLAMA

Oktyabr ayından başlayaraq Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün artmaqdadır. Belə ki, noyabrın 5-də 1227 nəfər koronavirusa yoluxub, 12 vətəndaşımız isə vəfat edib. Azərbaycanda koronavirusa yoluxanların sayının daha da artmaması üçün karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, təəssüf ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün artmaqdadır: “Bütün Azərbaycan cəmiyyətinin diqqəti cəbhədə gedən haqq döyüşlərindədir. Azərbaycan Ordusunun şanlı qələbələrinin çox böyük sevincini yaşayırıq. Bu sevincimizin çox olması və torpaqlarımızı işğaldan azad olunması üçün biz daha da diqqətli olmalı, fəaliyyətimizi cəbhəyə yönəltməliyik. Bunun üçün də görəcəyimiz ilk işimiz məsuliyyətli olub, karantin qaydalarını yerinə yetirməkdir. Qapalı yerlərdə maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından çox istifadə etməliyik.

Biz bu yolla həm özümüzü, həm də yaxınlarımızı bu bəladan qoruya bilərik. Bəlkə də bu məsələ o qədər aktual olmazdı. Amma bu gün əsgərlərimizdən ötrü olduqca məsuliyyətli olmalıyıq. Çünki görürük ki, əsgərlərimiz bizi sevindirmək üçün hər gün yeni qələbələrə imza atır. Bu qələbələrimizin davamlı olması üçün ikinci bir cəbhənin açılmasına şərait yaratmamalıyıq. Çünki bu gün məsuliyyətsiz addımlarla yoluxmaların sayını artırmağa heç birimizin haqqı yoxdur. Biz arxa cəbhə olaraq dövlətin diqqətini pandemiyaya çəkməməliyik. Ona görə də özümüzü qorumalı və qoyulan qaydalara əməl etməliyik. Biz maska taxmaq və sosial məsafəni qorumaq kimi sadə qaydalarla bu bəladan tezliklə canımızı qurtara bilərik. Əks təqdirdə yoluxmaların sayı bu cür atma dinamikası ilə davam edərsə, Azərbaycanda karantin rejimi yenidən sərtləşə bilər. Təbii ki, müharibə şəraitində bunu heç birimiz arzulamırıq”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*