İran mediası: “Müharibə uğurlu diplomatik həll yolunun tapılmasınadək davam edəcək”backend

İran mediası: "Müharibə uğurlu diplomatik həll yolunun tapılmasınadək davam edəcək"

Cənubi Qafqazın iki ölkəsi – Ermənistanla Azərbaycan arasında sentyabrın 27-dən yeni müharibə başlayıb. Tərəflər arasında 1990-cı illərin əvvəllərində baş vermis ilk savaş nəticəsində əsasən Dağlıq Qarabağdan on minlərlə mülki şəxs yurd-yuvasından didərgin düşüb, yüzlərlə əsgər həyatını itirib.

Bu gün isə Dağlıq Qarabağda gedən döyüşlər həm də Avropanın enerji təhlükəsizliyinə təhdid yaradır.

Karbohidrogen daşıyıcıları ilə zəngin Azərbaycandan Avropaya bir neçə həyati əhəmiyyətli boru kəməri uzanır: Bakı-Tbilisi-Ceyhan neft borusu, Bakı-Supsa xətti, Cənubi Qafqaz Boru Xətti və s. Bu borular Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə yaxınlığından, dar bir boğazdan da keçir. Başqa sözlə, bu enerji infrastrukturunun Dağlıq Qarabağdakı döyüş meydanına nisbətən yaxın olması savaşın coğrafiyasının bir qədər genişlənəcəyi təqdirdə bu layihələrin də hədəfə çevrilə biləcəyinə dair narahatlıqlar yaradır.

Bu gün Azərbaycan xaricə kifayət qədər böyük həcmdə neft ixrac edir – gündə 700 min barelə yaxın. Lakin nəqldə hər hansı axsama yaranarsa, rəqiblər artıq “doymuş” qlobal bazarda boşalacaq yeri asanlıqla tuta bilər.

“Oxford Enerji” araşdırmalar institutunun aparıcı tədqiqatçısı Culian Bovdenin sözlərinə görə, “neft bazarı istənilən itkini asanlıqla kompensasiya etmək iqtidarındadır”. Başqa sözlə, ən pis senaridə Azərbaycanın bir və ya bir neçə kəməri hücuma məruz qala bilər.

Hər halda, iki ölkə bir-birini mülki hədəflərə atəş açmaqda günahlandırır. Azərbaycanda hesab edirlər ki, ermənilərin Gəncə şəhərini atəşə tutmasında əsas məqsədlərdən biri məhz neft-qaz ixracı xətlərinin sıradan çıxarılmasıdır.

Lakin bu, həqiqətən baş verərsə belə, enerji nəqlində ciddi fasilənin yaranacağını gözləmək olmaz. Boru kəmərlərinin zədələnməsi adətən uzunmüddətli fasilələrə səbəb olmur. Çünki əksər hallarda infrastruktur kifayət qədər qısa müddətdə bərpa edilir. Məsələn, keçmişdə kürd qiyamçılar Türkiyədən keçən enerji borularına qarşı təxribatlar törətsə də, onların bərpası bir həftədən çox çəkməyib.

Bəzi müşahidəçilərsə hesab edir ki, Ermənistanın sözügedən boru kəmərlərini hədəfə alması ehtimalı azdır. Çünki bu, Türkiyənin qəzəbinə səbəb olacaq və Ankaraya münaqişəyə birbaşa müdaxilə etməsi üçün bəhanə verəcək. Hər halda, bəzi mənbələr Türkiyə qoşunları və hərbi texnikasının Azərbaycanda olduğunu bildirir. “New York Times” qəzetinin yazdığına görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə “F-16” qırıcı belə, hazırda Azərbaycandadır.

Bundan başqa, müharibənin genişlənməsi digər regional aktorların da ona cəlbinə yol aça bilər. Hər halda, Türkiyə Azərbaycana qeyd-şərtsiz dəstəyini çoxdan bəyan edib. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməli olduğunu bildirir.

Qarabağ münaqişəni fəal şəkildə araşdıran Tomas de Vaal hesab edir ki, tərəflər arasında atəşkəs razılaşması əldə olunsa da, müharibə davam edəcək. Onun fikrincə, Bakı Dağlıq Qarabağ ərazisinin əhəmiyyətli hissəsini geri alanadək əməliyyatları saxlamayacaq. Lakin qışın yaxınlaşması döyüşün gedişatına müəyyən təsir göstərə bilər.

Başqa sözlə, müharibə uğurlu diplomatik həll yolunun tapılmasınadək davam edəcək. Demək, insan təlafatı da artacaq. Hazırda erməni qüvvələrinin “Gəncə boğazı”ndan keçən boru kəmərlərini hədəfə alma ehtimalı isə yüksək deyil. Lakin müharibə böyüyərsə, bunu da istisna etmək olmaz.

Mənbə: Setaresobh, İran

Fars dilindən tərcümə – WorldMedia.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*