İran prezidentinin helikopteri hansı səbəbdən qəzaya uğraya bilərdi? – Ehtimallarbackend

İran prezidentinin helikopteri hansı səbəbdən qəzaya uğraya bilərdi? - Ehtimallar

Ekspertlər İran prezidentinin həlak olduğu helikopter qəzası ilə bağlı  diqqətçəkən açıqlamalarla çıxış ediblər.

KONKRET.az xəbər verir ki, dünyanın diqqəti qəzanın səbəblərinə yönəlib.

Qətərdə yerləşən Əl-Cəzirə telekanalına danışan aviasiya eksperti Kayl Bayley bildirib ki, ilkin ehtimallara görə, helikopterin ciddi idarəetmə problem olub.

Pilotun “mayday” və ya təcili çağırış etmədiyini vurğulayan Bayley vurğulayıb ki, bir vertolyot uçuşun ortasında ciddi texniki problem yaşayarsa, pilotun ilk vəzifəsi vəziyyətdən çıxmaqdır və o zaman əlaqə arxa planda qalır.

“Belə çıxır ki, heç bir əlaqə yaradılmayıb. Çünki pilot yəqin ki, vertolyotu endirməyə və ya onu havada saxlamağa fokuslanıb. Görünür, quyruq rotoru kəsilib, çünki vertolyot iki hissəyə bölünüb. Bu, əsas rotor qanadının quyruğa dəyməsinin nəticəsi ola bilər”, – deyə Bayley bildirib.

Əl-Cəzirə telekanalına danışan ekspert onu da qeyd edib ki, buna pilotun helikopteri endirmək üçün manevr etdiyi zaman meydana gələn aerodinamik qüvvələr və ya texniki problem səbəb ola bilər:

“Əgər vertolyotun saat əqrəbinin 360 dərəcə və ya əksinə fırlandığı bir spiral hərəkəti görsək, bu, quyruq rotorunun sıradan çıxdığını göstərə bilər. Əsasən də əlverişsiz hava şəraiti və dağlıq ərazi ölümcül qəzaya səbəb ola bilər”.

Digər tərəfdən, beynəlxalq media qurumları İrana tətbiq edilən sanksiyalar səbəbindən ehtiyat hissələrinin tapılmasında və təmirdə çətinliklər yarandığına diqqət çəkib.

HELİKOPTER HAQQINDA NƏ BİLİNİR?

Məlum olduğu kimi, İran prezidenti və onun nümayəndə heyətini aparan helikopter ABŞ istehsalı olan Bell 212-dir.

1960-cı illərin sonlarında hazırda Bell Textron kimi tanınan şirkət tərəfindən hazırlanan vertolyotun yeni dizaynı iki turboşaftlı mühərrikdən ibarət olub və beləliklə, daha çox yükgötürmə qabiliyyəti təmin edilib.

ABŞ-nin hərbi təlim sənədlərinə görə, helikopter 1971-ci ildə istehsal edilib və həm ABŞ, həm də Kanada tərəfindən istifadə edilməyə başlanılıb.

Helikopter havadan yanğınsöndürmə avadanlığı, yük daşımaq və silah quraşdırmaq üçün nəzərdə tutulub.

Bu helikopter pilot da daxil olmaqla 15 nəfəri daşımaq üçün yenidən dizayn edilib.

Ən son “Bell 212”nin ölümlə nəticələnən qəzası 2023-cü ilin sentyabrında Birləşmiş Ərəb Əmirlikləri sahillərində baş verib. Varlı ərəb şeyxlərindən birinə məxsus helikopterin qəzaya uğraması pilotların ölümü ilə nəticələnib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*