Mirəli Qaşqay küçəsi ünvanında yerləşən 1-2 mərtəbəli evlərdə 50-dən çox ailənin yaşadığı ərazidə artıq yoxlamalar aparılıb. Sakinlər bildiriblər ki, aidiyyəti qurumun əməkdaşları mənzillərin sahələrini ölçüblər, lakin ölçmələr evlərin daxili divarlarından götürüldüyü üçün narazılıq yaranıb. Hələlik hər kvadratmetr üçün müəyyən olunacaq məbləğ barədə məlumat verilməyib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, binalarda mənzilləri satarkən sahibkarlar onları çöl divarları ilə, yəni tikinti altı sahə ilə birlikdə satır və belə əsaslandırırlar ki, xərclər yalnız mənzillərin daxili sahəsinə aid deyil, eyni zamanda tikinti altı sahəyə də daxildir:
“Sonradan çıxarış alınanda isə dövlət reyestrləri çıxarışı tikinti altına görə yox, yalnız daxili sahəyə görə verir. Bu da uyğunsuzluğa səbəb olur. Dəfələrlə qeyd etmişik ki, yanaşma vahid olmalıdır. Əgər tikinti altı sahə nəzərə alınırsa, dövlət qurumlarının rəsmi sənədlərində də bu açıq şəkildə göstərilməlidir. Əks halda, sahibkarlara tikinti altı sahənin satışına qadağa qoyulmalıdır. Söküntü məsələsində də, əgər bu mənzillərə aiddirsə, həm daxili, həm də tikinti altı sahə nəzərə alınmalıdır”.
O deyib ki, tikinti yalnız daxildə yox, həm də xaricdə aparılır:
“Kompensasiya verilməsi üçün sahə müəyyən olunmalıdır. Həmin sahələr qarışıqdırsa, otaq sahələrinə görə kompensasiyanın hesablanması təmin edilməlidir ki, vətəndaşlara mülkiyyət baxımından ədalətli yanaşma tətbiq olunsun”.
