backend

Məmmədyarovanın keçmiş həyat yoldaşına qarşı daha bir İDDİA - FOTOLAR

Tanınmış qrossmeyster Zeynəb Məmmədyarovanın ikinci həyat yoldaşı Ülfət Tanrıverdiyevi məhkəməyə verməsi xəbərindən dərhal sonra qarşı tərəf də ciddi ittihamlar səsləndirib. Ü.Tanrıverdiyev 2017-ci ildən rəsmən boşandığı Z.Məmmədyarovanın iddialarının əksinə olaraq hər zaman aliment ödədiyini bildirsə də, Türkiyədə fəaliyyət göstərən aktrisamız Leyla-Mariya Salifova da ona qarşı eyni ittihamla çıxış edib.

Ü.Tanrıverdiyevin birinci həyat yoldaşı olan Mariya xanım özünün Facebook səhifəsində “Ülfət Tanrıverdiyev mənə də 5 ildir aliment ödəmir”, – deyə bildirib və ona qarşı iddia qaldırdığını qeyd edib.

KONKRET.az Mariya xanımla əlaqə saxlayaraq, məsələ ilə bağlı fikirlərini öyrənib. O bildirib:

“Bir insan ki, özü o məsuliyyəti dərk edib, aliment ödəmək istəmir, “onun köməyi olmadan da hər zaman övladımın bütün ehtiyaclarını yüksək səviyyədə təmin edirəm” – deyə düşünmüşəm. Ona görə də heç vaxt heç bir aliment tələbində olmamışam. Sadəcə ötən dərs ilinin əvvəlində qohumlarımın da təkidi ilə aliment iddiası qaldırdım. Çünki övladımın xaricdə təhsil alması üçün ciddi vəsait tələb olunur. Mən iddia qaldıranda vəkilim məlumat verdi ki, Zeynəb xanım məndən əvvəl iddia qaldırıb. Qeyd edim ki, o, mənim birinci həyat yoldaşımın ikinci yoldaşıdır.

Onu da deyim ki, Ülfət Tanrıverdiyev Azercell-də baza administratoru, “Texnikabank”da kifayət qədər gəlirli vəzifədə işləyib. Daha öncə Bakı Şəhər Baş Polis İdarəsində çalışıb, sonradan fəaliyyət sahəsini dəyişib. O heç də özününü dediyi kimi, gedib Amerikada iş axtaracaq qədər zəif birisi deyil. Bildiyim qədər Amerikada informasiya texnologiyaları sahəsində şirkət qurub. O, daha öncə Amerikada təhsil almış, Azərbaycanda Oracle üzrə nadir mütəxəssislərdən biri idi. Özünü kimə və nə üçün aciz göstərir? İnsan öz övladlarına aliment verməmək üçün niyə belə yollara əl atsın ki?

İkincisi, “qeyri-rəsmi boşanma”, “qeyri-rəsmi aliment” termini haradan çıxdı? Qanunvericiliyə görə aliment qətnamə çıxdığı gündən yox, iddia qaldırıldığı gündən hesablanır. Mənim 2005-ci ildən etibarən aldığım 1500-1700 manat məbləğində aliment 2010-cu ildə birdən-birə 250 manata düşdü. Mənə hələ də bəzi məqamlar qaranlıqdır. Mən üç-beş manatın arxasınca qaçan insan olmadığımdan bunu araşdırmamışam da. Amma bu, mənim övladımın haqqıdır. Ona görə də məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırmışam. Və şübhə etmirəm ki, məhkəmə yuxarıda qeyd etdiyim qaranlıq məqamlarla bağlı ciddi araşdırmalar apararaq ədalətli qərar verəcək”.

Xatırladaq ki, Leyla-Mariya-Salifova keçmiş həyat yoldaşı Ülfət Tanrıverdiyevin Zeynəb Məmmədyarovaya qarşı ittihamlarına cavab olaraq bunları bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*