“Mənə verdiyiniz pensiya ilə atanız dolana bilərmi?” – “Müslümov islahatı”backend

"Mənə verdiyiniz pensiya ilə atanız dolana bilərmi?" - "Müslümov islahatı"

Keçmişdə və hazırda korrupsiyaya yol vermiş şəxslərin həbsi başlayandan və bəzi dövlət məmurlarının da başının üstünü bu təhlükə alandan bəzi qüvvələr “Yıxılana balta vurmazlar” atalar sözünü devalvasiyaya uğratmaqla məşguldurlar.

Əlbəttə, “Yıxılana balta vurmazlar” ifadəsi hikmətli söz və nəcib məsləhətdir. Amma nədənsə bu ifadəni tez-tez yada salanlar “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” tövsiyəsini qulaqardına vururlar. Özü də söhbət bütün cəmiyyətə böyük ziyan vuran, adamların həyatını məhv edən, ədalət prinsipini dəyərsizləşdirən dövlət məmurundan gedirsə. Nə zamandan bəri metallurgiya sahəsinə böyük zərbə vuran, sahibkarların qurduqları zavodları zorla onların əlindən alan, 20 müəssisəni qamarlamaqla, adamları işsiz qoymaqla özünün şirkət rəhbəri olduğunu hesab edən Rasim Məmmədovdan və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar külli miqdarda rüşvət alma maddələri üzrə təqsirləndirilən Səlim Müslümovdan, dövlət başçısının Şuşanın ərazisinə göz dikməkdə ittiham etdiyi məmurlardan yazmaq, onların adlarını sadalamaq “yıxılana balta vurmaq” və ya nakişilik sayılır?

Bu məsələdə kütləvi informasiya vasitələrini ittiham etmək isə qətiyyən yolverilməzdir. Çünki hər kəs susanda yalnız media səsini ucaldıb. Buna görə qılınclarının qabağının və arxasının kəsdiyi həmin məmurların təzyiqlərinə, basqılarına, təhdidlərinə də jurnalistlər, blogerlər məruz qalıb. Doğrudur, hakimiyyətin ideoloji sahəsinə rəhbərlik edən məlum yüksək vəzifəlilərin dönəmində Rasim Məmmədovu tərifləyib göylərə qaldıran, tez-tez onunla müsahibələr dərc edən portal rəhbəri də olub. İndi həmin jurnalistin susması, hətta Rasim Məmmədov barədə məlumatları yaymaması da böyük maraq doğurur…

Əslində korrupsioner məmurlardan, xüsusilə də həbsə atılan məmurlardan və ya keçmiş məmurlardan yazmağı adam özünə heç sığışdırmaq istəmir. Çünki ədalətin zəfər çaldığı məqamda qələmə sarılmaq istəmirsən. Amma 30 ilə yaxın erməni işğalının bütün çətinliklərindən və sıxıntılarından keçdiyi bir dövrdə xalqımızın problemlərini yüngülləşdirmək, dövlətimizin daha da gücləndirilməsinə çalışmaq əvəzinə tamahkarlıq edib vətəndaşlarımızın cibinə girən məmurlar ifşa olunursa, bu barədə yazmaq medianın vəzifə borcudur.

Özü də bu “cibgirliyi” Azərbaycan Dövlət İqtisad İnstitutunda, Türkiyənin Mərmərə Universitetində çalışmış alim, iqtisad elmləri doktoru, Maliyyə Nazirliyində, Dövlət Gömrük Komitəsində yüksək vəzifələr tutmuş, Dövlət Sosial Müdafiə Fondunun sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifələrinə yüksəlmiş, 4 kitabın və 50-dən artıq elmi məqalənin (keyfiyyətinə və əhəmiyyətinə zəmanət vermirəm) müəllifi, rus və ingilis dillərində sərbəst danışan şəxs həyata keçirirsə, artıq sözün bitdiyi yerdir…

Müqayisəsi bəlkə də yersizdir, amma vaxtilə məşhur ingilis alimi İsaak Nyuton da elmdən dövlət qulluğuna gəlmişdi. Amma o, Zərbxanaya rəhbərlik edən zaman elə islahatlar keçirmişdi ki, inflyasiyanın xeyli azalmasına nail olmuşdu, saxta pul kəsənlərin ifşasında və həbsində böyük rol oynamışdı. Bizdə isə elmdən dövlət idarəetməsinə gəlmək əks effekt verib.

  • Bu cür yarıtmaz fəaliyyət, öz növbəsində, sadə vətəndaşlarda böyük qəzəb doğururdu. Bəlkə də elə məqsəd bu imiş. Səlim Müslümov hələ Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən bir dəfə “Lider” TV-də tamaşaçıların suallarına cavab verməli olmuşdu. Ahıl vətəndaş ona belə sual vermişdi: “Səmimi cavab verin, mənə verdiyiniz pensiya ilə atanız dolana bilərmi?”. Bu haqlı suala hakim komandada intellektuallığı və muğamsevərliyi ilə fərqləndiyi deyilən Səlim Müslümov həmin ahılın başa düşə bilməyəcəyi iqtisadi dildə cavab vermişdi.

Amma o, pensiyaçılara əsl cavabı hökumətə pensiya “islahatı”nı təklif etdiyi zamana saxladı. 2017-ci ilin yanvarında pensiya islahatı bəyan edib, ahıl insanları dövlətin himayəsindən məhrum etdi. “Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən yeni düzəlişlərə əsasən, pensiyanın baza hissəsi ləğv edildi, sığorta prinsipinə keçildi, sığortalı iş stajı 12 ildən 25 ilə qaldırıldı. Pensiyaya çıxmaq üçün yaş həddi də qadınlar və kişilər üçün bərabərləşdirilərək 65 yaşadək artırıldı. Nəticədə 2017-ci ilə kimi iş stajı 25 ildən az olan, sığortası olmayan kişilər və qadınlar pensiyadan məhrum olundular. Çünki ölkədəki işsizlik problemini və yaş amilini nəzərə alsaq, pensiya ümidi ilə yaşayan ahıl insanların iş stajlarını bir neçə ay və il ərzində 25 ilə qaldırmaları və ya sığortaya malik olmaları mümkün deyil.

Səlim Müslümov o zaman bunu dövlətə canıyanması kimi qələmə verdi: “…dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq, yəni pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək”.

Bu gün ona qarşı irəli sürülmüş ittihamlardan isə məlum olur ki, əslində dövlətə də can yanmırmış. Yeri gəlmişkən, Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra bəzi KİV-lərdə haqqında yazılanların həqiqətə uyğun gəlmədiyini bəyan etmişdi: “Mən, hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab Prezidentin canını sağ eləsin. Neçə illər mənə etimad göstərdi. İndi məsləhət oldu ki, vəzifədən gedim. Bu, Prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, Prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman Prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.

Belə çıxır ki, Səlim Müslümov heç Prezidentin tapşırıqlarını da yerinə yetirməyib və xalq üçün əlindən gələni etməyib.

Səlim Müslümovun xələfi Sahil Babayevin dönəmində pensiya “islahatı”na dəyişiklik edildi. Deməli, 25 il iş stajı olmayan, amma sosial sığorta kartlarında 2018-ci ilin 1 iyul tarixinədək cüzi pul vəsaiti olanlara minimal pensiya təyin olundu. Bu addım toplanmamış iş stajının hədiyyəsi kimi təqdim olundu. Pensiya ala bilməyənlərə, məsələn, 2 ildə 12 il staj toplamayanlara isə 130 manat məbləğində sosial müavinət verilməyə başladı. Bu sosial müavinəti almaq üçün əvvəl 67 yaş həddi təyin edildi. 130 manat! Romantika!!

Beləliklə, Müslümovun islahatları işlədiyi dövrdə hər ay pensiya fonduna vergilər ödəyən çox sayda ahıl insanın bu gün 130 manat məbləqində müavinət alması ilə nəticələnib. Əlbəttə, Səlim Müslümov kimilər özlərinə haqq qazandırmaq üçün deyərlər ki, “işləməyən dişləməz”. Hər kəs işləməli, 25 il iş stajına və sığorta kartına malik olmalıdır ki, pensiya alsın. Amma mən etiraz edirəm: oyun zamanı qaydalar dəyişdirilməməlidir!

Digər ölkələrin təcrübəsinə baxanda, vəziyyətin başqa cür olduğunu görürsən. Bu yaxınlarda Maldiv adalarından göstərilən reportaj zamanı məlum oldu ki, turizm və balıq ovundan başqa gəlir sahəsi olmayan bu ölkədə hər kəs əvvəllər işləyib-işləməməsindən asılı olmayaraq, 65 yaşına çatdıqda ayda 400 dollar ekvivalentində pensiya alır. Avstriyada ömründə bir gün də işləməyən vətəndaşa 900 avro məbləğində pensiya verilir. İl ərzində 14 dəfə! Bu isə o deməkdir ki, dövlət öz vətəndaşını aclığa və kiməsə möhtac olmağa məhkum etmir.

Aydın olur ki, “Müslümov islahatı” yerüstü və yeraltı sərvətlərlə zəngin olan qalib dövlətimizin ahıl vətəndaşına həqarətdir. Nədənsə, qədim zamanlarda övladın öz atasını və ya anasını qocalanda cüzi qida ilə dağa aparıb ölümə tərk etdiyi barədə acı hekayə yada düşür…

Və çox maraqlıdır, son 30 il dönəmində Azərbaycan büdcəsinə bir qəpik də ödəməyən, heç bir sosial sığorta kartına malik olmayan Dağlıq Qarabağdakı erməni vətəndaşlarımıza pensiya veriləcəkmi?

Azərbaycana düşmən münasibətini gizlətməyən Qarabağ ermənilərinə pensiya verib, dölətimizə sadiq vətəndaşları müavinətə tutmağın adını isə oxucular desinlər.

Bəlkə, 130 manatlıq müavinətləri layiqli pensiyalarla əvəzləmənin zamanı gəlib çatıb, cənablar?

Xatirə SADİQ,

KONKRET.az

Loading...
  • Omer
    Fevral 9, 2021 - 16:25

    Muellim Selim bey pensiyalarin mehv etdi, amma indikilerde onun qebul etdiyi qanuna zidd dirnaq arasi qanunlari hec birinci legv etmeyib. Bunu indi niye demisinizki sonra yixilana balta vurmaq kimi qebul olmasi. Bu nazirlik Selim beyin esasen xalqa zidd qanunlari ile isleyir. Selim bey hec olmasa teze gelende xalq ucun bir nece haqli qanun qebul ETMISDI. Hansiki sonra ozu her seyi mehv etdi.. Bunlar hec onuda etmirler

  • Sahib
    Fevral 9, 2021 - 21:21

    Xatirə xanım, çox aktual məsələyə toxunmusunuz.Haqsızlığa uğrayayan təqaüdçülərlə görüşməniz çox vacibdir.Məsələn, mənimlə.Nələrlə üzləşəcəyinizi görəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*