Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hər bir namizəd Dairə Seçki Komissiyasına bəyannamə təqdim etməlidir. Sənəddə onun adına olan daşınan və daşınmaz əmlaklar açıq şəkildə qeyd edilməli, eyni zamanda gəlirləri də açıqlanmalıdır.
Bəs iddialı namizədlər qanunvericiliyin bu tələbinə necə əməl edir?
KONKRET.az bu suala cavab tapmaq məqsədilə iddialı deputatlığa namiəzdlərin bir neçəsi ilə əlaqə saxlayıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, əgər namzəd qeydə alınıbsa, deməli bütün sənədlər yerli-yerindədir:
“Bildiyimiz kimi, seçki komissiyası qanunvericiliyə uyğun olaraq iddiaçılarla bağlı müvafiq qurumlara sorğu göndərir. Biz də qanunvericiliyin tələbinə uyğun olaraq tələb olunan bütün məlumatları seçki komissiyasına təqdim etmişik. Verdiyimiz məlumatın doğruluğu təsdiq edildikdən sonra namizədə imza vərəqələri verilir. Ona görə də bu sahədə hər hansı bir problem yoxdur. Qeydə alınma da bunun əsasında həyata keçirilir”.
Ağ Partiyanın başqanı Tural Abbaslı da tələb olunan bütün məlumatları təqdim etdiyini deyib:
“Deputatlığa namizəd daşınan və daşınmaz əmlak barədə, hətta gəlirlərlə bağlı da seçki komissiyasına məlumat verməlidir. Mən dördüncü dəfə namizəd oluram. Hər dəfə də zəruri məlumatları təqdim etmişəm. Nəzərinizə çatdırım ki, mənim adıma hansısa daşınmaz əmlak və ya avtomobil yoxdur. Çünki yoxumdur. Olanım ancaq 2 bank kartıdır. Onların da illik çıxarışını təqdim edirik. Vəssalam. Zatən bizim yaşayışımız insanların gözü qarşısındadır. Qoy, bu məsələ milyonları olanları düşündürsün”.
REAL Partiyasının sədr müavini Natiq Cəfərli namizədlərin əmlakı haqqında məlumatların imzatoplama kampaniyasının sonunda təqdim ediləcəyini bilıdirib:
“Mən buna qədər 3 dəfə seçkilərdə iştirak eləmişəm. Hər dəfə də olan əmlaklarım barədə məlumatları DSK-ya təqdim etmişəm. Bu gün imzatoplama kampaniyasını başa çatdırıram. Yəqin ki, topladığım imzalarla birgə əmlakım barədə məlumatı da DSK-ya təqdim edəcəm. Amma mətbuata hər zaman açıq olan şəxs kimi deyə bilərəm ki, mənim müştərək avtomobilim və mənzilim var. Yəni hər iki əmlak həyat yoldaşımın adına olsa da, onlardan ikimiz də istifadə edirik. Öz adıma isə heç bir daşınan və daşınmayan əmlak yoxdur”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin cavabı qısa olub:
“Mənim nəyim var ki? Bir mənzilim var, bir də pensiya kartım. Onları da qanunvericiliyin tələbinə uyğun olaraq bəyan etmişəm. Başqa heç nəyim yoxdur”.
Natiq Səlim
KONKRET.az