“Məxmər polada çevrildi”: Koçaryanın həbsi Rusiyanı özündən çıxardıbackend

“Məxmər polada çevrildi”: Koçaryanın həbsi Rusiyanı özündən çıxardı

2026-cı il avqustun 25-i səhər saatlarında Ermənistanın hüquq-mühafizə orqanları ikinci prezident Robert Koçaryan və onun ailə üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, yerli media yazır ki, keçmiş prezident və böyük oğlu Sedrak Antikorrupsiya Komitəsinə aparılaraq saxlanılıblar. Koçaryanın evində, oğulları Sedrak və parlament deputatı Levon Koçaryanın mənzillərində, həmçinin ailəyə məxsus Orange Premium fitnes klubu və Toyota avtosalonu da daxil olmaqla kommersiya obyektlərində axtarışlar aparılıb. Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan siyasətçinin komitəyə aparıldığını təsdiqləyib.

Erməni ekspertlərin bir qrupu düşünür ki, bu hadisələr Baş nazir Nikol Paşinyan ilə onun sələfi Robert Koçaryan arasında uzun illərdir davam edən siyasi qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilir. Cəmi bir gün əvvəl – avqustun 24-də parlamentdə Paşinyanla Levon Koçaryan arasında kəskin mübahisə yaşanmış, baş nazir deputatı bütün əmlakından məhrum etməklə hədələmişdi. Bundan bir gün əvvəl isə Paşinyan müxalifət və “Koçaryan klanı” barədə sərt bəyanatlar vermişdi.

Baş verənlərlə bağlı ekspertlərin fikirləri fərqli olsa da, əksəriyyət hesab edir ki, hadisələr adi hüquqi prosedurlar çərçivəsindən kənara çıxır.

Analitik Akop Badalyanın sözlərinə görə, hakimiyyətin addımları Paşinyanın həm siyasi, həm də şəxsi qarşıdurmasının təzahürüdür. Onun fikrincə, baş nazir yaranan hər bir fürsətdən istifadə edərək müxalifətlə qarşıdurmanı dərinləşdirir və məqsədi daxili siyasi prosesi cəmiyyət üçün maraqsız, marjinal müstəviyə sıxışdırmaqdır.

Politoloq Beniamin Matevosyan hadisələri “müxalifətə qarşı klassik repressiyalar” kimi qiymətləndirib. Digər politoloq Tiqran Koçaryan isə hesab edir ki, Paşinyan inzibati resurslardan istifadə edərək müxalifətə təzyiq göstərir və bununla öz tərəfdarlarını səfərbər etməyə çalışır.

Müxalifətin “Ermənistan” bloku isə bəyan edib: “Axtarışlar və həbslərlə bizi qorxuda bilməyəcəksiniz. Heç bir axtarış və ya həbs siyasi proqramımızı dəyişməyəcək.”

Sistemli təzyiq iddiaları

Koçaryanın həbsi son aylarda Ermənistan müxalifətinin “sistemli siyasi təzyiq” adlandırdığı proseslərin davamı kimi təqdim olunur.

İyunda keçirilən parlament seçkiləri zamanı Robert Koçaryan hakimiyyətin “bütün repressiv mexanizmləri işə saldığını” bildirmişdi. Onun sözlərinə görə, məqsəd müxalif fəalları təcrid etmək və seçki qərargahlarının fəaliyyətini pozmaq idi. Seçkilər ərəfəsində “Güclü Ermənistan” Partiyasının 100-dən çox, digər müxalif partiyaların isə təxminən 50 tərəfdarı saxlanılmışdı.

“İzvestiya” nəşrinin yazdığına görə, seçkilər başa çatsa da, müxalifətə təzyiqlər daha da güclənib. Böyük müxalif partiyaların bütün liderləri cinayət işləri üzrə istintaqa cəlb olunublar. “Güclü Ermənistan” Partiyasının təsisçisi Samvel Karapetyan bir neçə ay həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına buraxılıb. “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan isə xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.

Hüquqi prosedurların siyasiləşdirilməsi iddiaları

Müxalifət nümayəndələrinin və vəkillərinin sözlərinə görə, hüquqi prosedurlar getdikcə daha çox siyasi xarakter alır. “Ermənistan” bloku ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq müşahidəçilərə müraciət edərək vəziyyətə reaksiya verməyə çağırıb.

Ermənistanın səkkiz müxalif siyasi qüvvəsi birgə bəyanatda baş verənləri “Nikol Paşinyanın hakimiyyəti dövründə kütləvi siyasi təqiblərin Ermənistanı diktaturaya yaxınlaşdırmasının növbəti sübutu” kimi qiymətləndirib.

Əvvəlki bəyanatlar

Paşinyan iyunun 5-də, parlament seçkilərinə iki gün qalmış bəyan etmişdi ki, Robert Koçaryan seçkilərdən dərhal sonra 2008-ci il martın 1-i hadisələri ilə bağlı həbs edilməli və məhkəmə qarşısına çıxarılmalıdır. O, həmçinin Koçaryan ailəsindən qanunsuz əldə edildiyini iddia etdiyi təxminən 200 milyon ABŞ dolları məbləğində əmlak və maliyyə vəsaitinin dövlətə qaytarılmasını tələb etmişdi.

Analitik Akop Badalyanın fikrincə, Paşinyan daxili siyasi prosesləri marjinal müstəviyə sıxışdırmaqla cəmiyyətin siyasətə marağını azaltmağa çalışır. Lakin bu yanaşma cəmiyyətdə parçalanmanı dərinləşdirə, məhkəmə sisteminə etimadı sarsıda və hakimiyyətlə müxalifət münasibətlərində “məxmər inqilab” dövründən “polad” mərhələsinə keçidi sürətləndirə bilər.

2026-cı il avqustun 25-də Robert Koçaryanın həbsi yalnız siyasi elitalar arasındakı mübarizənin növbəti epizodu kimi deyil, həm də Ermənistanda siyasi qarşıdurmanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Müxalifət iddia edir ki, hüquqi prosedurlar getdikcə daha çox siyasi hesablaşma vasitəsinə çevrilir və sistemli təzyiq aləti kimi istifadə olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*