“Bu gün qürurverici və tarixi günlər yaşayırıq”.
Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı sevincini KONKRET.az-la bölüşən deputat İqbal Məmmədov belə deyib.
Deputat qeyd edib ki, Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusu 30 ilə yaxındır ki, yerinə yetirilməyən qətnamələri icra edərək, ədalətin bərpa edilməsi istiqamətində əməliyyatları uğurla davam etdirir: “Artıq Şuşa şəhəri də işğaldan azad edildi. 8 noyabr Azərbaycan tarixinə qələbə günü kimi həkk olunacaq. Bu böyük qələbə münasibətilə başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Artıq 2021-ci ildə biz torpaqlarımızın işğal tarixini deyil, qələbə günlərimizi qeyd edəcəyik. Əlbəttə, bu qələbələrimizi Ali Baş Komandana və Azərbaycanın qəhrəman oğullarına borcluyuq. İgid oğullarımız gələcək nəsillərin müharibə şəraitində deyil də sülh və firavanlıq içində yaşamaqları uğrunda qəhrəmancasına vuruşur, bu yolda düşünmədən canlarından, qanlarından keçirlər”.
Deputat söyləyib ki, ordumuz bir daha bütün dünyaya Azərbaycanın qəhrəmanlar ölkəsi olduğunu sübut etdi: “Bu günə kimi ədalətin sülh yolu ilə əldə edilməsinə çalışdıq. Amma işğalçı Ermənistan və onun havadarları müxtəlif yollarla status-kvonun qorunub saxlanılması üçün əlindən gələni etməyə çalışdı. Amma unudurdular ki, bizim də nə zamansa səbir kasamız daşacaq və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində bütün lazımı addımları atacağıq. Biz bir qarış torpağımızı belə işğalçıya güzəştə getməyəcək, sona qədər onları qovacağıq. Artıq Şuşa, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, Cəbrayıl, Xudafərin körpüsü və Xocalının bir neçə kəndi işğaldan azad edilib. Bu torpaqlarda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Düşmənin 30 ildə qurduğu istehkamlar Azərbaycan Ordusu tərəfindən cəmi 1 aya darmadağın edildi. Əminəm ki, tezlikle bu siyahıya digər şəhər və rayonlarımızda əlavə olunacaq”.
Deputat vurğulayıb ki, bu qələbələrlə sadəcə torpaqlarımızı işğaldan azad etmirik, həm də narahat şəhid ruhlarının rahatlıq tapmasına nail oluruq: “Xarıbülbülün ətrini yenidən duya biləcəyik. Bilirsiniz, bu necə əziz bir duyğudur?! Gələcək nəsillərimizin yanında başımız aşağı, gözümüz kölgəli olmayacağıq. Müharibədən sonra bir çox qəhrəmanlıq dastanları yazılacaq. Ali Baş Komandanın adı Azərbaycan tarixində dahi şəxsiyyətlə yanaşı həm də düşmənə qan udduran böyük sərkərdə kimi qızıl hərflərlə yazılacaq. Bu qürurverici anları bizə yaşatdığı üçün Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür edirəm. Əminəm ki, tezlikle digər torpaqlarımızı da işğaldan azad edib, böyük zəfər bayramımızı qeyd edəcəyik”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
