“İran Türkiyə və Naxçıvana edilən hücumlara görə məsuliyyəti üzərinə götürməsə də, təxribatda iştirak etdiyinə dair güclü şübhələr var”.
KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib.
Onun sözlərinə görə, əgər İran bunu etməyibsə, hücumların hədəfi çaşdırmağa çalışan, İranın nəzarətində olan “Hizbullah” qüvvələri tərəfindən və ya vəziyyəti gərginləşdirməyə və regional münaqişə yaratmağa çalışan nəzarətsiz İran hərbi birləşmələri tərəfindən həyata keçirilməsi mümkündür:
“Əgər 4 martda Türkiyəyə doğru atılan və Hatay hava məkanında məhv edilən raket vurulmasaydı, təxminən 100 km məsafədə Adanadakı İncirlik bazasına düşəcəkdi. Belə olan halda İran 32 NATO ölkəsi ilə toqquşacaq və ABŞ NATO dövlətlərini müharibəyə cəlb etmək üçün legitimlik qazanacaqdı. Bundan əlavə, Naxçıvana hücum qızğın münaqişəyə çevrilərsə, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi Sazişi ön plana çıxacaq.
Türkiyə, Azərbaycan və NATO ölkələrini bu münaqişəyə cəlb etmək istəyən üçüncü tərəflər bu raketi atmaqla münaqişə zonasını genişləndirməyi və İranı daha effektiv şəkildə məhv etməyi, aradan qaldırmağı və ya məğlub etməyi hədəfləyirlər? Yoxsa İran rejimi Türkiyə və Azərbaycanla birlikdə Körfəz ölkələrində münaqişəni, bununla da cəbhəni genişləndirərək Amerika və İsrailə təzyiq göstərmək istəyir? Yəni iki fərqli sual ortaya çıxır. Üçüncü tərəflərin problem yaratmaq istəyə biləcəyi ehtimalı nəzərdən keçirilir. Buna görə də deyə bilərik ki, proses yaxın saatlarda daha aydın olacaq”.
