Mürtəza Bünyadlı
Novruz milli bayramdır və İslam dini ilə heç bir ziddiyyət təşkil etmir.
Əksinə, Novruzla İslam fəlsəfi mahiyyəti eynilik təşkil edir. Sosiallaşma, yardımlaşma və sair baxımdan.
Novruz Avrasiyada Balkanlardan Şərqi Türküstanadək (Çin) coğrafiyada qeyd olunur. Əsasən də türkdilli xalqların yaşadığı coğrafiyada. Bu isə onu deməyə əsas verir ki, Novruzun bu qədər geniş coğrafiyada yayılmasında türklərin müstəsna rolu var.
Amma və lakin… Əfsuslar və təəssüflər olsun ki, son illərdə bəzi islami dini təriqətin daşıyıcıları Novruzu İslam bayramı hesab etməyərək ona qarşı çıxmaqdadırlar və bunu təbliğ edirlər. Hətta evlərində bu bayramı keçirməyə də imkan vermirlər. Olsun. Nə deyirik…
Təbii ki, Novruz ərəbin bayramı deyil. Əgər ərəbin milli bayramı olsaydı, ərəb din alimləri bunu hansı formadasa İslama calayardılar…
Zamanında düşmənlərimiz Novruzu və digər milli-mənəvi, mədəni, dini dəyərlərimizi əlimizdən almağa çox çalışdılar və ya onun formasını dəyişmək üçün ən müxtəlif cəhdləri etdilər. Hətta qadağalar belə tətbiq etdilər. Nə oyunlardan çıxmadılar. Lakin buna nail ola bilmədilər.
İndi həmin mərkəzlər İslam dininin bəzi təriqət daşıyıcıları vasitəsilə bu niyyətlərini gerçəkləşdirməyə cəhd edirlər. Onlar təmsil olunduqları dini təriqət mərkəzlərinin – bu bədəvi ərəbi, puştu, fars və digər xalqların sosial-məişət qaydasından tutmuş digər həyat tərzini İslam qaydası adı altında cəmiyyətimizə sırımağa çalışırlar. Hələ onların cəmiyyətdə dözümsüzlüyü, ayrımçılığı təlqin etməsini demirəm. Bir sözlə bəzi xarici güclər İslamı alətə çevirməklə həm İslamı parçalamaqla gözdən salmağa, həm İslam cəmiyyətlərində nifaq toxumu səpməyə, həm də bu ad altında milli-mənəvi, mədəni ənənələri, dəyərləri aradan götürməyə çalışırlar.
Bu mərkəzlərin məqsəd və hədəfi aydındır. Daxildən parçala, nifaq sal, hakim ol.
