Nüfuzlu azərbaycanlı həkim Kalininqradda faciəli şəkildə həlak oldu – FOTObackend

Nüfuzlu azərbaycanlı həkim Kalininqradda faciəli şəkildə həlak oldu - FOTO

Rusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub.  “Komsomolskaya Pravda” nəşri xəbər verir ki, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi “Folksvagen Polo” avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub.

İlkin məlumatlarda qəzanın avtomobilin təkərinin partlaması nəticəsində baş verdiyi bildirilsə də vilayət Daxili İşlər İdarəsindən dəqiqləşdiriblər ki, “Folksvagen” sürücüsü idarəetməni itirib və avtomobil qarşı hərəkət zolağına keçib. Hadisə zamanı Axundovun yanında onun oğlu da olub, amma heç bir xəsarət almayıb. Zərbə avtomobilin sürücü oturan hissəsinə dəyib və doktor Axundov başından ciddi xəsarət alıb.

Tengiz Axundov uzun illər Kalininqrad Mərkəzi Klinikasında işləyib. Onun ölümü haqda ilk məlumatı Kalininqradın Həkimlər Palatasının şurası yayıb. Həmkarları deyirlər ki, Axundov 30 ilə yaxındır Kalininqrad Mərkəzi Klinikasında işləyirdi və hamının hörmətini qazanmışdı. Onun böyük ailəsi olub, iki qızı məktəbi qızıl medalla bitirib.

Axundovun pasiyentləri də çoxsaylı internet forumlarda onun faciəli ölümündən kədərləndiklərini ifadə ediblər.

“Çox yaxşı həkim həlak oldu! Ötən cümə günü məni əməliyyat etmişdi. Bütün xəstəxana yasa batıb. Allah ona rəhmət eləsin”,-Viktoriya L. adlı pasiyent yazır.

“Əla həkim idi, təcrübəli, savadlı, hərdən sərt olurdu, amma həkim kimi çox yaxşı idi. Çox sağ ol, Tengiz Hüseynoviç!”,-bu isə digər pasiyentin fikirləridir.

Kalininqrad vilayətinin Səhiyyə Nazirliyi də həkimin həlak olmasına görə onun ailə üzvlərinə başsağlığı verib. “Bizim hamımız üçün, tibb cameəsi üçün bu dəhşətli faciədir. Tengiz Hüseynoviç Kalininqrad Mərkəzi Klinikasının ən təcrübəli həkimlərindən biri idi, 30 ildir həkim-otorrinolarinqoloq işləyirdi. Çox savadlı və ixtisaslı həkim idi, şişirtmədən deyə bilərik ki, Allah tərəfindən göndərilmişdi. Gənclər onunla işləməyə can atırdı, pasiyentlər həmişə onun yüksək peşəkarlığını, həssaslığını və diqqətli olmasını qeyd edirdi”,-nazirlikdən deyiblər.

Qəzet yazır ki, Tengiz Axundovu vətənində dəfn edəcəklər. Bu gün avqustun 13-də onun  cənazəsi təyyarə ilə Azərbaycana yola salınacaq. (Virtualaz.org)

Bir cavab yazın