Ötən il banklar nə qədər qazanıb? – Əhalinin kredit borcu 1.2 milyard artıbbackend

Ötən il banklar nə qədər qazanıb? - Əhalinin kredit borcu 1.2 milyard artıb

Mərkəzi Bank Azərbaycan bank sektorunun ötən ilə aid göstəricilərini açıqlayıb. Baş bankdan verilən məlumata görə, kommersiya qurumları 2022-ci ildə mənfəətlərini kəskin artıraraq 915 milyon manata çatdırıblar. 

Xatırladaq ki, 2021-ci ildə həmin göstərici 609 milyon manat olmuşdu. Deməli, banklar bir il içində öz mənfəətlərini 306 milyon manat və ya təxminən 50 faiz artıra bilib. İlboyu toplam 262 milyon manat mənfəət vergisi ödənilib.

Ən çox mənfəət əldə edən bankların ilk üçlüyü dəyişməyib. “Kapital Bank” 308 milyon manat qazancla birinci, Beynəlxalq Bank 254 milyon manatla ikinci, “Paşa Bank” isə 149 milyon manat mənffətlə üçüncü olub. Beləliklə ümumi gəlirin 661 milyon manatı – 79 faizi bu üç bank arasında bölünüb.

Xatırladaq ki, Beynəlxalq Bankın səhmlərinin yarıdan çoxu dövlətə məxsusdur.

Mənfəttin qalan 21 faizi isə qalan 21 bank arasında bölünüb. Onların arasında dövlətə məxsus digər bank – “AzərTürk Bank” da gəlirlərini 2021-ci ildəki 546 min manatdan 11 milyon manata qədər yüksəldib.

Bankların kredit portfelinə gəlincə 3 milyardlıq böyümə var. Əgər 2021-ci ilin sonunda toplam 16 milyard 659 milyon manat bank krediti vardısa, 2022-ci ilin sonunda həmin rəqəm 19 milyard 594 milyon manata yüksəlib

Rəsmi rəqəmlərdən aydın olur ki, bank sektorunun kredit portfelində ilk yeri hələ də biznes kreditləri tutsa da, istehlak kreditləri nisbətdə daha çox artıb.

Ötən ilin sonuna kredit portfelinin 55.4 faizi biznes kreditlərinin payına düşüb. 2021-ci ilin sonunda bu rəqəm 58.5 faiz idi.

2022-ci il boyunca biznes krediti portfeli 1 milyard 115 milyon manat və ya 11.4 faiz böyüsə də, eyni zaman dilimində istehlak kreditlərinin həcmi 5 milyard 574 milyon manata çatıb. Bu o deməkdir ki, il ərzində əhalinin banklara borcu 1 milyard 236 milyon manat və ya 27.3 faiz artıb və nəticədə istehlak kreditlərinin toplam kredit portfelində payı 27.1 faizdən 29.4 faizə yüksəlib.

“AzPolitika.info”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*