Ötən il postsovet ölkələri üçün SSRİ-nin dağılmasından təxminən 30 il sonra da müharibələr, inqilablar və digər təlatümlərə səbəb olan bir il olaraq yaddaşlarda qaldı. Çünki 2020-ci ildəki qədər böyük hadisələrin olduğu hansısa ili xatırlamaq çox çətindir. Bir vaxtlar vahid dövlətin tərkibində olan respublikaların bir çoxu hələ də sabit dövlət qurmağı, sabit sosial siyasət yeritməyi və öz yollarını seçməyi bacarmayıb. Ona görə də keçmiş Sovet respublikalarının çoxunda qeyri-müəyyənlik 2021-ci ildə də davam edəcək.
Ötən ilin ən dramatik hadisələri Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında yaşandı. 27 ildən sonra yenidən bölgədə böyük müharibə başladı. Pis xəbər yayın ortalarında gəldi. Uzun müddətdir Dağlıq Qarabağ uğrunda mübarizə aparan Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar 12 iyul tarixində başladı. Topçu və minaatan hücumları bir neçə gün davam etdi. Sonradan bunun Qarabağ üçün genişmiqyaslı müharibənin müqəddiməsi olduğu ortaya çıxdı. Döyüşlər sentyabrdan noyabr aylarına qədər davam etdi və Ermənistanın məğlubiyyəti ilə başa çatdı.
Müharibə nəticəsində əgər Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində milli qəhrəman oldusa, 2018-ci ildə xalqın dəstəyi sayəsində hakimiyyəti ələ keçirən Ermənistanın baş naziri Nikol Paşinyan o adı bir gecədə itirdi. Bu ilin iyul ayında “MPG” sosioloji şirkətinin hesabatına görə Paşinyanın müsbət reytinqi 85% -ə çatdı. Lakin dekabrda həmin şirkətin keçirdiyi sorğuda Paşinyanı dəstəkləyənlərin faiz nisbəti 30-u keçmədi. Dekabr ayında İrəvanın Respublika Meydanında minlərlə etirazçı Paşinyanın istefasını tələb etdi, ona xain damğası vuruldu.
Halbuki bir vaxtlar bu meydanda Paşinyan bir DJ kimi 100 minə yaxın nümayişçi izdihamını vəcdə gətirirdi. Müharibədəki məğlubiyyət üçün erməni xalqı indi qurbanlıq axtarır. Nikol Paşinyan da heç də yaxasını kənara çəkmir. Məğlubiyyətin məsuliyyətini boynuna götürür. Lakin bu məğlubiyyətə görə istefaya getməyi qəti şəkildə düşünmür. Bununla belə itirilmiş müharibə çox güman ki, Nikol Paşinyanın siyasi karyerasının sonunu yaxınlaşdıracaq. Çünki güclü təzyiqlər qarşısında hakimiyyətdə qalmaq üçün nə etmək lazım olduğu barədə onun konkret təsəvvürü yoxdur.
Lakin Ermənistan üçün Qarabağ müharibəsindəki məğlubiyyyətə görə Paşinyanın qəhrəmandan antiqəhramana çevrilməsinin indiki halda heç bir mənası yoxdur. Çünki bu, reallıqları dəyişdirmir. Ermənistan 30 il və bəlkə də daha böyük müddətdə uğrunda mübarizə apardığı hər şeyi itirdi.
Xatırladaq ki, Paşinyan Baş nazir postuna gələrkən “yeni bir Ermənistan” quracağına söz verdi. Korrupsiyaya qarşı mübarizə aparacağını, iqtisadiyyata “yeni nəfəs, yeni sürət” verəcəyini və Dağlıq Qarabağ münaqişəsinin həllinə “əsassız və birtərəfli güzəştlərdən” imtina edərək həll edəcəyini söylədi. Lakin 2,6 ildə verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Amma müəyyən addımlar atdı. Məsələn, korrupsiyaya qarşı mübarizədə az da olsa, uğur qazandı.
“Transparency International” təşkilatının korrupsiya qavrayış indeksinə görə, 2017-ci ildə Ermənistan korrupsiyaya görə dünyanın 180 ölkəsi arasında 107-ci yerdə qərarlaşmışdı. 2019-cu ildə respublikanın mövqey xeyli yaxşılaşaraq 77-ci yerə qalxdı. Bunun üçün Nikol Paşinyanın diqqət və enerjisinin böyük hissəsini rəqibləri və ölkənin əvvəlki liderləri – Robert Köçəryan və Serj Sərkisyanla (hər ikisində də cinayət işi açılmışdı) mübarizə aparmağa sərf etdi. Baş nazir bir dəstə kart kimi məmurları qarışdırdı. Onun qısa rəhbərliyi altında təkcə Milli Təhlükəsizlik Xidmətinin 4 başçısı dəyişdirildi.
Yeni komandirlər və polis rəisləri vəzifələrindən azad edildi və təyin edildi. Həyata keçirilən həbslər və sürətli kadr dəyişikliyi son nəticədə Nikol Paşinyanın düşmənlərini çoxaltdı. Hakimlərin tərkibində dəyişiklik olacağını deməklə Konstitusiya Məhkəməsi ilə qarşıdurmaya başladı. Lakin pandemiya və daha sonra müharibə Paşinyanın başladığı yeganə uğurlu işin tamamlanmasına mane oldu.
Və bəlli oldu ki, Paşinyan böyük siyasətdə hələ piyadadır. Onun həqiqətən bacarıqlı olduğu yeganə şey sosial şəbəkələrini idarə etməkdir. İnsanlarla əsasən facebookdakı xəbərlər və mesajlar vasitəsilə əlaqə qurdu. Bu canlı yayımlardan birində Ermənistan xalqı müharibənin bitdiyini – Qarabağ və ətraf yeddi bölgənin itrildiyini öyrəndi.
İndi Ermənistan 2021-ci ilə müharibədən ağır məğlubiyyətlə çıxan iqtisadi-siyasi böhranın kulminasiya nöqtəsində olan bir ölkə kimi qədəm qoyur. Ona görə də təəssüflə deməliyik ki, 2021-ci ildə Ermənistanı çətin sınaqlar və həlli müşkül məsələlər gözləyir. Erməni xalqı bu qədər problemin həllinə kimlərlə çalışacağını isə zaman göstərəcək.
“Kommersant.ru” nəşri.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET. az
