Polşa Rusiya səfirliyinin bank hesablarını bloklayıb
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Polşadakı səfiri Sergey Andreev deyib. O bildirib ki, Varşava “terrorizmi maliyyələşdirmək” bəhanəsi ilə Rusiya diplomatik missiyasının bank hesablarını bloklayıb.
“Mən məsələ qaldırdım ki, fevralın sonundan hesablarımız bloklanıb. Bu barədə əvvəllər danışmamışam, amma maraqlı bir təfərrüatı da əlavə edəcəyəm ki, hesablar əvvəlcə Maliyyə Nazirliyinin qərarı ilə, sonra isə Polşa prokurorunun qərarı ilə bunlardan vəsaitin ayrılması əsası ilə bloklanıb. Bizim hesablarımızdan guya qanunsuz yolla əldə edilmiş vəsaitlərin yuyulması və ya terrorizmin maliyyələşdirilməsi üçün istifadə oluna bilər”,- deyə o, Birinci Kanalın efirində deyib.
Diplomat əlavə edib ki, bu cür ittihamlar absurddan da artıqdır və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının “açıq-aşkar pozulmasıdır”.
Martın 23-də Polşa Kəşfiyyat Xidmətlərinin əlaqələndirici nazirinin sözçüsü Stanislav Jarin bildirib ki, Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiya diplomatik missiyalarının casusluqda şübhəli bilinən 45 əməkdaşının siyahısını hazırlayıb.
Rusiyanın Polşadakı səfiri diplomatların ölkədən çıxarılması tələbi ilə nota aldığını təsdiqləyib. Onlar maksimum beş gün olmaqla müxtəlif vaxtlarda ölkəni tərk etməli olacaqlar.
Natiq Səlim,
KONKRET.az
