Quba Azərbaycanın tanınmış rəssamlarını “Art Zone Week” layihəsində bir araya gətirdi – FOTOLARbackend

Quba Azərbaycanın tanınmış rəssamlarını “Art Zone Week” layihəsində bir araya gətirdi - FOTOLAR

Azərbaycan rəngkarlığında son illərin ən möhtəşəm layihəsi baş tutub. Oktyabrın 23-də tanınmış rəssamlarımızın iştirakı ilə Quba şəhərində “Şahdağ Quba – Truskovets Medical Sanatorium” mərkəzində bir həftə öncə başlamış “Art Zone Week” rəngkarlıq simpoziumuna yekun vurulub.

Artıq üçüncü dəfə keçirilən “Art Zone Week” Simpoziumu Dövlət Turizm Agentliyinin, “Shahdag Guba – Truskovets Medical Sanatorium” Mərkəzinin və “Savalan ASPİ” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

KONKRET.az xəbər verir ki, budəfəki simpoziumun 44 günlük Vətən Müharibəsindəki zəfərin ildönümü ərəfəsində keçirilməsi heç də təsadüfi deyildi. Layihənin rəhbəri olan tanınmış jurnalist Şakir Eminbəylinin təbirincə desək, “Bu qalibiyyətdən ilhamlanan rəssamlar Vətən torpaqları uğrunda müqəddəs savaşa qalxan oğullarımızın qəhrəmanlığını vəsf edən mövzulara üstünlük verdilər. Eyni zamanda mədəniyyət və sosial yönümlü bu layihənin məqsədlərindən biri də rəssamların gözü ilə bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları fərqli formada təbliğ və təşviq etmək idi”.

Bu cəhətdən yanaşsaq, layihənin uğur qazandığını bəri başdan söyləmək mümkündür.

Qeyd edək ki, simpoziumda Azərbaycanın əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Aliyev, Diana Aliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştitrak edirdilər (1-ci foto).

Rəssamların bir həftə ərzində çəkdikləri rəsmlərdən ibarət sərgidə ən öndə qoyulmuş, ölçücə ən böyük rəsm “Azad olmaq üçün yarananlar” adlanır (2-ci foto və qapaq fotosu). Ramina Saadatxanın bu fotosu hardasa rəssamların xarakterini ifadə edir, rəssam üçün təbiətin qoynu tam azadlıq hissləri yaratmırmı, yaradır. O ki qaldı Azərbaycanın dilbər guşəsi Quba ola.

Quba ilə Trutskavets – Azərbaycanın və Ukraynanın iki potensial cəhətdən ən böyük turizm məkanlarının qardaşlaşmış şəhərlər elan olunmaları, bu münasibətlə Qubada ultramüasir “Şahdağ Quba – Truskovets Medical Sanatorium” şəfa ocağının fəaliyyətə başlaması və məhz bu ocağın rəssamların simpoziumuna qucaq açması səbəbindən simpoziumun qala-bağlanış gecəsində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski də öz xanımı ilə iştirak edib. Səfir rəsmlərə böyük maraqla tamaşa edərkən (3-cü foto) qeyd eləyib ki, “Sərgidə nümayiş olunan rəsm əsərləri çox canlı və rəngarəngdirlər, onların mövzu və janr baxımımdan müxtəlif olması sərgiyə bir ayrı rəng qatır, bir ayrı özəllik verir”.

Əməkdar rəssam Eldar Qurbanovun ilk baxışda uşaq rəsmlərini xatırladan, amma dərindən nüfuz etdikcə bu primitiv görünüşlü insanların ötürdükləri enerji və mesajların, gizli fəlsəfənin dərinlikləri duyulan rəsmləri (4-cü foto) böyük maraq doğurur.

Rəssamlar ailəsi – Rafail Aliyev və Diana Aliyeva öz natürmortları ilə (5-ci və 6-cı fotolar) rənglərlə canlılığın bir vəhdətini ortaya qoyublar.
Əməkdar rəssam, Azərbaycanın müasir Van Qoqu adlandırılan Vüqar Muradov isə öz möhtəşəm triosu ilə (7-ci foto) tamaşaçıların heyranlığına səbəb olmaqdadır. Qubaya gələsən, Quba almasını çəkməyəsən? Quba alması Vüqar Muradovun triosunun ortasınsa qərarlaşaraq onun fırçasından çox canlı çıxıb, sanki indicə diyirlənib kətandan kənara düşəcək.

Qala gecədə bu əsrarəngiz “Art Zone Week” həftəsinin hesabatı da verilib: Simpozium boyu rəssamlar rəsm əsərləri çəkməklə yanaşı Quba rayonunun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiblər. Eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı leksiya ilə çıxış edib. Qubanın görməli yerlərinə ekskursiya, eyni zamanda “Şahdağ Quba – Truskovets Medical Sanatorium” şəfa ocağında müayinə olunmaq, qəbul edilən bərpaedici fizioterapiya, ozonoterapiya, hovuz və spa xidmətləri rəssamlara hədsiz rahatlıq, zövq və yaradıcılıq ilhamı verib.

Qala gecədə tədbirə qatılan Quba gənclərinə, sanatoriya personalına, sanatoriyada dincələn qonaqlara, eləcə də rəssamlara ədəbiyyatın və rəssamlığın bir-biri ilə bağlılığı mövzusunda əyləncəli vktorina da təqdim edili , viktorinada qalib gələnlərə tədbirdə iştirak edən yazıçı Əlibala Məhərrəmzadənin imzaladığı, hazırda ən çox oxunan kitablar sırasında yer alan “Çovdar çörəyi” kitabı hədiyyə olunub. Daha sonra xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi “Naz-nazı” muğam qrupu yaddaqalan konsert proqramı ilə çıxış edib. Xüsusən xanəndələr Nurlan Namazov və Günay İmamverdiyevanın ifa etdikləri “Qarabağ şikəstəsi” tamaşaçıların gurultulu alqışlarına səbəb olub.

Elə bu yerdə oxucularımıza bəyan edirik ki, rəssamların ərsəyə gətirdikləri sənət əsərləri yanvar ayının ortalarına qədər “Şahdağ Quba Truskavets Medical Sanatorium” Mərkəzinin sərgi salonunda nümayiş olunacaq. Qubalılar, bölgəyə gələn qonaqlar gəlib bu gözəlliklərlə baş-başa qala biləcəklər.

Hər bir gözəllik zamanla öz vaxtını bitirsə belə yaddaşlarda həkk olunur, qoyduğu xatirəylə illəri adlayıb keçir. Rəssamların Quba simpoziumu da eynən. Rəssamlar bir tablonu hər biri ovcuna rəng sürtüb əl izini qoymaqla birlikdə ərsəyə gətirdilər (8-ci foto). Bu, həm də rəmzi məna daşıyırdı. Onlar öz izlərini qoyurdular. Həm hərfi, həm də simvolik mənada.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*