Rusiya ilə Yaponiya arasında ADALAR GƏRGİNLİYİ: Moskva Ukraynadan sonra ikinci cəbhə açır? – AÇIQLAMAbackend

Rusiya ilə Yaponiya arasında ADALAR GƏRGİNLİYİ: Moskva Ukraynadan sonra ikinci cəbhə açır? - AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində deyib ki, Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil.  Buna səbəb Tokionun qeyri-dost davranışlarıdır. XİN sözçüsü əlavə edib ki, Tokio bizim maraqlarımıza açıq şəkildə zərbə vurmağa çalışır və belə bir şəraitdə müvafiq sənədlərin imzalanmasından danışmaq mümkün deyil.

Bəs görəsən, Mariya Zaxarova hansı sülh sazişindən bəhs edir? Zaxarovanın bu açıqlaması Yaponiya-Rusiya münasibətlərinə necə təsir edəcək?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Zülfüqarlı Zaxarovanın bəhs etdiyi sülh sazişinin detallarından söz açdı:

“Hələ İkinci Nikolayın dövründə bir qisim torpaqlar Yaponiyaya verilib. 1945-ci ildə SSRİ bu torpaqları işğal edərək özünə qaytardı. Həmin məsələ ilə bağlı müxtəlif dövrlərdə həm Yaponiyanın, həm SSRİ-nin müxtəlif mövqeyi olub. Hər iki tərəf düşünür ki, bu mövzu ilə bağlı sülh sazişi bağlanmalıdır. Yəni tərəflərin fikrincə, nə vaxtsa müharibəyə son qoymaq üçün siyasi baxımdan akt kimi belə bir saziş bağlanmalıdır. Zaxarova indi bu sazişdən söz açır”.

Politoloq bildirib ki, məlum açıqlama ilə Rusiya həm də sülh prosesindən imtina edir:

“Zaxarovanın son açıqlaması onu göstərir ki, rəsmi Moskva Yaponiyanın sanksiya qəbul etdiyini hesab edir. Buna cavab olaraq Rusiya tərəfi köhnədən qalan ərazi mövzusunun mövcud olmadığını bəyan etdi. Yəni Rusiya sülh prosesindən imtina edir. Onlar hesab edir ki, Yaponiya Rusiyanın maraqlarına zidd olan bir addım atıb. Bu açıqlamanın tərəflər arasındakı münasibətlərə necə təsir edəcəyi haqqında danışmaq üçün bir qədər tezdir”.

Politoloq Zaur Məmmədov bildirib ki, Ukrayna müharibəsi fonunda Rusiya və Yaponiya arasında münasibətlər gərginləşib:

“Rusiya ilə Yaponiya arasında adalarla bağlı hələ SSRİ dövründə başlayan münaqişə mövcuddur. 2000-ci illərin əvvəllərində Tokio və Moskva arasında adaların müzakirəsi ilə bağlı təmaslar baş tutmuşdu. Lakin son dövrlərdə rəsmi Moskva dəfələrlə bəyan edib ki, adaların Yaponiyaya geri qaytarılması müzakirə predmeti ola bilməz. Bu məsələ əslində Yaponiya-SSRİ, daha sonra Yaponiya-Rusiya arasında ən böyük ziddiyət təşkil edən mövzudur. Çünki tərəflər arasında ziddiyət daşıyan başqa heç bir mövzu yoxdur. Mariya Zaxarovanın fikirlərinə gəldikdə isə əslində o, yeni heç nə deməyib. Çünki sülh danışıqları ilə bağlı müzakirə predmeti yox idi. Hələ müharibədən əvvəl də bəlli idi ki, Yaponiya ilə Rusiya arasında sülh mümkün deyil. Çünki bir tərəf adaların geri qaytarılmayacağını desə də, digər tərəf sülh müqaviləsinin şərti kimi adaların geri qaytarılmasını gündəmə gətirirdi. Bu günə kimi tərəflər arasında münasibətlər soyuq olsa da, iqtisadi əlaqələr mövcud idi. İndi Rusiya və Yaponiya arasında münasibətlərin gərginləşməsi əslində Ukrayna müharibəsi fonunda baş verir. Lakin bu, ikinci dərəcəli məsələdir. Münasibətlərin münaqişə dərəcəsinə keçdiyini qeyd edə bilmərik və bu gözlənilmir”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*