Motosikleti ilə dünyanı gəzən məşhur rusiyalı YouTuber Tatyana Rusozolina Muğlada yol qəzasında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, Rusozolinanın cəsədi morqa aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Sosial mediada ‘MotoTanya’ kimi tanınan motosiklet həvəskarı və macəra həvəskarı Tatyana Rusozolina Türkiyə turnesi çərçivəsində Muğlaya gəlmişdi. O, dəhşətli qəzaya Milas rayonunda düşüb.
Əldə edilən məlumata görə, Onur Obutun idarə etdiyi motosiklet Tatyana Rusozolinanın idarə etdiyi motosikletlə toqquşub.
Qəzada yaralanan Obut təcili yardımla Milas Dövlət Xəstəxanasına aparılıb.
Qeyd edək ki, Tatyana Rusozolina YouTube-da “Moto Tanya” kimi tanınır. Çəkdiyi videolarla geniş pərəstişkar kütləsinə çatan mərhumun YouTube-da 2 milyondan çox, İnstaqramda isə 980 mindən çox izləyicisi var idi.
Motosikleti ilə dünyanı dolaşan Tatyana səyahətlərini lentə alaraq sosial media hesablarında paylaşıb. Rusozolina izləyicilərinə səyahətləri zamanı yaşadığı çətinliklərdən və öhdəsindən gəlmə üsullarından danışırdı. Rusozolinanın qəfil ölümü ailəsini və izləyicilərini çox kədərləndirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az